Rəhbərin adrenalin həvəsi və biabırçılıq - 3 oyun, 3 yenilgi, buraxılan 8 top!

22:40 Problem 153
Rəhbərin adrenalin həvəsi və biabırçılıq - 3 oyun, 3 yenilgi, buraxılan 8 top!

“Karvan-Yevlax”ın rəhbəri, yəqin ki, iki əliylə başını tutur.

Niyə də tutmasın?

“Kəpəz”ə Yevlaxdakı məğlubiyyətə görə qapını göstərdiyi Azər Həşimovun yerinə gətirdiyi Füzuli Məmmədov ona əsl futbol adrenalini yaşadır - 3 oyun, 3 yenilgi, buraxılan 8 top!

Həşimovun dövründə “Karvan” heç olmasa rəqib qapılarına qol vururdu.

Həşimovun dövründə “Karvan” rəqiblərini özü ilə ayaqlaşmağa məcbur edirdi.

Həşimovun dövründə “Karvan” sona yaxın təslim olurdu.

Həşimovun dövründə “Karvan” öz meydanında 1 top vurub, 2 top buraxırdı.

Vaxtilə “Neftçi”nin baş məşqçisi olduğu dönəmdə “Qarabağ”a 0:6 hesablı yenilgiyə görə işini itirən Füzuli bəy indi də “Karvan”ı “dirçəltməyə” çalışır.

“Karvan” onun rəhbərliyi altında 3 oyunun hamısını uduzub.

“Karvan” onun rəhbərliyi altında rəqib qapılarına 1 qol da vura bilməyib.

“Karvan” onun rəhbərliyi altında 8 cavabsız top buraxıb.

“Karvan” onun rəhbərliyi altında”Şamaxı” önündə biabır olub – 0:2.

İndi bəhanələr dönəmidir. Adam komandaya yeni təşrif buyurub, heyəti özü formalaşdırmayıb, kollektivdə fiziki problem var və sair.

Hər məğlubiyyətdən sonra bir bəhanə tapmaqla qış fasiləsini gözləyəcək, yanvarda klub rəhbərliyindən 3-4 futbolçunun gətirilməsini istəyəcək. Sonra nə olacaq, Allah bilir.

Futbola peşəkarcasına yanaşmayan, yanaşa bilməyən bu cür klub idarəçilərinin əziyyətini azarkeşlər çəkir. Bir məşqçiyə vaxt vermək, fəlsəfəsini ortaya qoymaq üçün səbr etmək əvəzinə, onu göndərib, başqasını gətirib, yenə eyni mənzərəyə şahidlik etmək vaxt və pul itkisidir, başqa heç nə.

Məmmədov da bu gedişlə “Karvan”da çox duruş gətirməyəcək. Ya özü başını götürüb qaçacaq, ya da rəhbərdən lazım olan mesajı alacaq.

Çünki ortada ciddi iş (nəticə) görünmür. Görünənə də oxşamır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti