“Məyusam, bu dəqiqə nə danışdığımı da bilmirəm” – Tənqid olunanlardan biri

20:40 Müsahibə 137
“Məyusam, bu dəqiqə nə danışdığımı da bilmirəm” – Tənqid olunanlardan biri

“Karvan Yevlax”ın legioneri Şakil Sno Sportinfo.az-a müsahibə verib.

İngiltərəli müdafiəçi komandasının doğma meydanda “Kəpəz”i 1:2 hesablı məğlubiyyətdən sonra sualları cavablandırıb.

- Belə olacağını ağlına gətirə bilərdin?

- Qətiyyən! Bunu qəza adlandırardım. Uzun müddətdir qələbə qazana bilmirdik deyə, qələbəyə köklənmişdik. Həm də doğma azarkeşlərimizin qarşısında oynayırdıq, onları 3 xalla sevindirmək istəyirdik. Biz bu oyunu uduzmalı deyildik! Yenə deyirəm, biz bu oyunu uduzmalı deyildik!

- Bəs, niyə uduzduz?

- “Kəpəz”ə hörmətlə yanaşsam da, əminliklə bizdən güclü olmadıqlarını deyə bilərəm. Ancaq futbol belədir, sənin edə bilmədiyini rəqib edir və sonda sevinir. Hədsiz dərəcədə məyusam. Bu dəqiqə nə danışdığımı da bilmirəm. O dərəcədə üzgünəm. Oturub danışmalı, çıxış yolu tapmalıyıq.

- Yaranı sağaltmaq mümkün olacaq?

- Başqa yolumuz yoxdur onsuz da. Sağaltmaq məcburiyyətindəyik. Belə qalmayacağıq, bir yol tapacağıq. Son matçlarda möhtəşəm oyun göstərmişdik. Qapımıza görün nə qədər 11 metrlik cərimə zərbələri təyin olunub. Bu gün də verdilər. Halbuki Qavi Tompson rəqibin ayağına vurmamışdı. Son saniyələrdə xeyrimizə penalti verilə bilərdi, o da verilmədi. Bəhanə axtarmıram, ancaq bu kimi detallar da yekunda mühüm rol oynayır.

- Ev oyunlarınızı Şamaxıda keçirəndə sən və digər komanda yoldaşların saytımıza verilən müsahibədə ev oyunlarını Yevlaxda keçirəndən sonra nəticələrin yaxşılaşacağını demişdiz. Bu gün Yevlaxda oynadız.

- Bəlkə də hədsiz istəkli olmağımız bizi “yandırdı”. Oyunun başlamasına xeyli vaxt qalmışdı, tribunalar dolmuşdu. Bu, bizə motivasiya verirdi. Bəzən motivasiyanın dozası çox olanda əleyhinə işləyir. Rəqibləri Yevlaxda qəbul etməyimizin bizə çox xeyri dəyəcək. Görəcəksiniz. Sadəcə, bu gün alınmadı.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti