Azərbaycan millisinin kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə 1:3 hesabı ilə bitən oyundan danışıb.
Sportinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi həm çətin qarşılaşma, həm zədəsi, həm də digər sualları cavablandırıb.
– Matç barədə fikirləriniz necədir?
– Yaxşı başladıq, erkən qol da vurduq. Çalışdıq ikinci qolu vuraq, amma alınmadı. Amma yenə də Fransa öz səviyyəsini, keyfiyyətini göstərərək bizə imkan vermirdi. Ona görə təzyiqi artıraraq bizə qollar vurdular.
– Sırf səviyyə fərqinə görə hesabı qoruya bilmədiniz?
– İkinci hissədə olsaydı, belə deyərdim. Amma birinci hissədə biz qollar buraxmağa başladıq. Keyfiyyət və fiziki güc baxımından çox üstündülər. Ona görə bizə çətin oldu.
– Təsnifatın son oyunlarında milli komanda yaxşı mübarizə apardı. Bu, azarkeşlərdə də Millətlər Liqası üçün bir ümid yaradıb. Bəs komandada vəziyyət necədir?
– Biz komandada bir-birimizə inanaraq oynayırıq. Çalışırıq ki, bir-birimizə kömək edək. Bəzən alınmır. Amma yenə də son oyunlarda irəliləyiş var. Daha yaxşı müdafiə olunuruq. Düzdür, uduzuruq, problem budur, onu da aradan qaldıracağıq.
– Legioner limiti aradan qalxdıqdan sonra bir neçə millinin üzvü öz komandasında əsas heyətdə oynamır. Bu, nə kimi problemlərə səbəb olur?
– Əslində, bu, çox böyük problemdir. Çünki fiziki olaraq çox oyunçumuz yoxdur. İstəyirik ki, futbolçular daha çox meydanda oyun təcrübəsinə malik olsunlar. Məhz bu səbəbdən görürsünüz ki, futbolçular ikinci hissələrdə yorğun olurlar.
– Son oyunlarda milli komandada bir çox gənc oyunçu debüt etdi. Onların gələcəyi ilə bağlı nə düşünürsünüz?
– Bizdə Rüfət Abdullazadə, Xəyal Əliyev və Mustafa Əhmədzadə debüt etdi. Çox bəyənirəm. Ümid edirəm ki, belə davam edərlər və bizə çox köməklik göstərərlər.
– Son oyunlarda ikinci hissələrdə əvəzlənirsiniz. Bunun səbəbi nədir?
– Zədəmə görədir. “Kəpəz”lə Premyer Liqa oyunundan sonra zədəm vardı. “Qarabağ”la oyun üçün də fikirləşirdim ki, çıxım, ya yox. Amma “Qarabağ” olduğuna görə meydana çıxdım, yenə də hiss etdim. Çünki bir il əvvəl daha çox zədəm olurdu. Nəticədə tez-tez zədə alır və daha çox oyun buraxırdım. Ona görə son oyunlarda 90 dəqiqə oynamağa risk etmirəm. Ümumiyyətlə, son 15 gündə bəlkə 2-3 dəfə məşq etmişəm. Bu da mənim üçün fiziki olaraq çox böyük problem oldu.
– Davamlı zədələrdən sonra düşünmürsünüz ki, bir cəbhədə dayanmaq daha yaxşı olar?
– O qədər böyük zədə deyil. Bir az gözləsəm, keçir. Normaldır. Sadəcə mən oynamayanda hiss olunur ki, Emin oyunda yoxdur. Ona görə də çalışıram özümə yaxşı baxım ki, zədələr olmasın.

