Rio Olimpiadasının finalçısı, dünya və Avropa mükafatçısı Elmar Qasımov 35 yaşında ardıcıl 2-ci dəfə 100 kq çəki dərəcəsində cüdo üzrə ölkə çempionu olub.
Sportinfo.az xəbər verir ki, o, yarışdan sonra prosport.az-a danışıb.
E.Qasımov ölkə çempionu olmağı barədə fikirlərini bildirib:
“Finalda güləşdiyim gənclər arasında dünya 3-cüsü Əjdər Bağırov idi. O ümumiyyətlə 2 dəqiqə ərzində qolumu buraxmadı. Ona görə də bu ilki çempionatın ötən ilkidən qat-qat daha çətin olduğunu deyirəm. Onlar 2-3 dəqiqə mənə qarşı düzgün taktika qursalar da, daha sonra fiziki cəhətdən çatdırmırlar və istədiklərini edə bilmirlər. Fikrimcə, bununla bağlı daha çox məşq etməlidirlər”.
Cüdoçu “çempion olduğunuz üçün 1000 manat pul qazandınız. Bunu hara xərcləyəcəksiniz?” sualına belə cavab verib:
“Hara xərcləyəcəyimi bilmirəm (gülür). Nə bilim... Hamı elə bilir ki, idmançı pulu dağıdır. Bizə federasiya pulu tam verir. Ancaq ətrafda hamı gözləyir ki, nəsə verim. Aldığımız pulun yalnız yarısı bizə çatır. Elə bilin ki, 1000 yox, 500 manat qazanmışam (gülür)”.
Təcrübəli idmançı karyerasını yenidən niyə bərpa etdiyinə də aydınlıq gətirib:
“Məncə, bekarçılıqdan karyeramı bərpa etdim. Bağda qalırdım. Dedim nə edim?! Məşq edim. Murad Fətiyev güclənib. Dedim gedib, onunla məşq keçim. Daha sonra təklif olundu ki, ölkə çempionatına qatılım. Belə-belə cüdoya qayıtdım”.
O, “TikTok”da qalmaqallı videolar paylaşması barədə də danışıb:
“Çox vaxt ora girmirəm. “TikTok” və instaqram üçün yüklədiyim videoları öz əhval-ruhiyyəm yaxşı olanda çəkirəm. Özünüz də orada baxa bilərsiniz ki, sonuncu dəfə nə vaxt video çəkmişəm. Daimi bloqerlər kimi gündəlik həyatımı ora həsr etməmişəm...Mənim üçün əsas idman və karyera deyil. Əsas həyatdır və yaşayıram”.
Elmar Qasımov 2021-ci ildə yaşadığı binanın eyvanından küçəyə dollar səpmişdi. O bu hərəkətinə görə milli komandadan qovulmuşdu.

