“Qəbələ”nin ispaniyalı legioneri Xayme Syerra Sportinfo.az-a müsahibə verib.
27 yaşlı yarımmüdafiəçi Azərbaycan kuboku çərçivəsində “Şəfa” üzərində qazanılan qələbədən sonra sualları cavablandırıb.
- I Liqa təmsilçisi ilə matçda çətin qələbə qazanacağınızı təsəvvür edirdin?
-“Şəfa” I Liqa komandası olsa da, yarışın lideridir. İntizamlı kollektivdir, yaxşı müdafiə olunmağı bacarır. Əks-hücumlardan oynayırdılar deyə, çətinlik yaşayırdıq. Buna baxmayaraq, vacib 2 qol vurub qələbə qazandıq. Ümid edirəm ki, qələbələrin davamını gətirəcəyik.
- Qalib gəlməyinizdə Premyer Liqa təcrübəsi rol oynadı?
- Rəqib komanda aşağı liqa təmsilçisi olduğunu hiss etdirmədi. Əvvəldən sona qədər mübarizə apardı. Sanki Premyer Liqa komandasına qarşı oynayırdıq. “Araz”la oyundan sonra hər nə qədər yorğun olsaq da, matçboyu mübarizə apardıq, yaxşı oynadıq. Və ən əsası, “Şəfa”nı ciddiyə aldıq.
- 13-cü turda “Araz-Naxçıvan”ı, bu dəfə “Şəfa”nı eyni hesabla – 2:1 udmağı bacardız. “Qara zolaq”dan çıxdığınızı demək olar?
- Uzun müddətdən sonra qalib gəlməyimiz hər birimizi sevindirir. Bu qələbələr bizə motivasiya verməlidir, arxayınlıq yox. Çünki heç nə etməmişik, sadəcə, itirdiklərimizin çox az faizini sığortalamışıq. Yaxşı kollektivə sahibik. Bir qədər diqqətli olsaq, uğurlu seriyanı davam etdirə bilərik.
- “Qəbələ” elitadakı yerini qoruya biləcək?
- Buna 100 faiz inanıram.
- Növbəti görüşünüz “Turan Tovuz”a qarşıdır. Qələbə, heç-heçə, məğlubiyyət – hansı daha real görünür?
- Bizə lazım olan 3 xaldır və bunu əldə edəcəyimizə inanıram. Bunu məşqçilər heyətinə və futbolçu yoldaşlarıma güvənərək deyirəm. “Turan Tovuz” güclü rəqibdir, favoritdir. Lakin biz məqsədimizin dalınca qaçacağıq.
HƏBİB

