Karyerasını ölkə xaricində davam etdirən azərbaycanlı futbolçulardan biri də Turan Manafovdur.
27 yaşlı müdafiəçi yayda “Kəpəz”dən ayrılandan sonra heç kimin gözləmədiyi halda Afrikaya üz tutub “Stellenboş”la 2 illik müqavilə bağladı.
Turan 4 aydır Bakıdan 12500 kilometr uzaqda yerləşən Cənubi Afrikada yaşayır, oynayır, “qara qitə”nin havasını udur.
Manafov Sportinfo.az-a verdiyi müsahibədə karyerası, yaşadığı ölkə, orada gördükləri ilə bağlı sualları cavablandırıb.
- Azərbaycanı Afrika ölkəsinə dəyişməyə səni nə vadar etdi?
- Məlum məsələdir ki, Azərbaycanda yerli futbolçulara layiq olduğu dəyər, qiymət verilmir. Limit aradan qaldırılandan sonra isə maddi şərtlər əvvəlki kimi deyil. Səbəblərdən biri budur. Digər tərəfdən Yunanıstandan sonra yenidən legioner həyatı yaşamaqda israrlı idim. 27 yaşım var, onsuz da 30 yaşdan sonra Azərbaycanda heç kimə lazım olmursan, qocalmış sayılırsan. Fikirləşdim ki, başqa ölkədə oynamaqla karyeram yüksələn xətt üzrə davam edər, yeni nələrsə görüb-götürərəm, nə vaxtsa övladlarımla, nəvələrimlə söhbət edəndə yaşadığım legioner həyatımdan danışaram. Başqa ölkələrdən də təkliflər var idi, lakin ən cəlbedici “Stellenboş”dan gəlmişdi. Şükürlər olsun, hər şey qaydasındadır.
- Komanda yoldaşların, yaxud kafedə, restoranda söhbət etdiyin adamlar Azərbaycandan gəldiyini biləndə, təəccüblənirlər?
- Düzünü desəm, hə. Məsələn, komanda yoldaşlarımdan bir neçəsi Avropadan Afrikaya gəlməyimin səbəbini soruşub. Çünki afrikalıların özləri Avropada oynamağı xəyal edir. Mən də cavab verirəm ki, “sizin futbolda vəziyyət necədirsə, sizə münasibət necədirsə, bizdə də elədir. Ona görə də mən Afrikaya gəlmişəm, siz isə Avropaya getmək istəyirsiz. Məsələn, mənim Afrikaya gəlməyim gələcəyim üçün təkandır, çünki uğurlu oyunla istənilən vaxt Avropaya qayıda bilərəm. Ancaq sizin Afrikada qalmağınız təkan deyil. Ona görə də Avropaya can atırsız”. Bu şəkildə başa salmağa çalışıram.
- İndiyə qədər azərbaycanlılara rast gəlmisən?
- Hələ ki, yox. Düşünürdüm, bəlkə türklər, iranlılar olar. Ancaq onlarla da rastlaşmamışam. Ancaq bir neçə dəfə ruslarla üz-üzə gəlmişəm. İki-üç gün əvvəl restoranda nahar edirdim, yan masada Rusiyadan olan cütlük oturmuşdu. Mən Keyptaunun özündə qalmıram deyə, turistlərlə rastlaşmaq imkanım çox olmur.
- Stellenboş Keyptauna aid deyil məgər?
- Stellenboş Kayptaunun qəsəbəsidir. Bizdə Bakı ilə Ələt necədir, burda da elə. Maşınla 30-40 dəqiqəlik yol var.
- Çempionatın, ümumi futbolun səviyyəsi necədir? Uyğunlaşa bilirsən?
- Oynamaq çətin deyil. Ancaq Premyer Liqa ilə buradakı çempionatın arasında ciddi fərq var. Bizdə daha çox topla oyuna üstünlük verilir, taktiki-texniki tapşırıqlar ön planda olur. Burada gücə söykənən futbol oynayırlar. Güc, sürət, dözümlülük – bunlar əsas şərtlərdir. İki-üç komanda var ki, bizim komandalara yaxın futbol oynayırlar. Azərbaycanda sonuncu pillədə yer alan komanda belə, texnikalı futbol sərgiləyir. Cənubi Afrikada fiziki hazırlıq çox önəmlidir.
- Azərbaycanda səni yaddaqalan edən cərimə zərbələrindən vurduğun qollar idi. “Stellenboş”da da standart vəziyyətləri kimə həvalə edirlər?
- Sağ cinahdan künc zərbələrini mən yerinə yetirirəm. Cərimə zərbələri zamanı topu qapı qarşısına mən havalandırıram. Ancaq indiyə qədər mənə uyğun nöqtədən xeyrimizə cərimə zərbəsi təyin olunmayıb deyə, birbaşa qapıya zərbə vurmamışam. Bəlkə də mən oynamadığım oyunlarda olub. Lakin mən meydanda olanda əlimə belə imkan düşməyib. Hakimlər sağ olsunlar... Nə isə...
- Komandan 12 turdan sonra 9 xal toplamaqla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb. Halbuki, “Stellenboş” ötən mövsümü 3-cü pillədə başa vurmuşdu. Nə baş verir?
- Əsas səbəblərdən biri ötən mövsüm əsas heyət üzvü sayılan bəzi futbolçuların komandanı tərk etməsidir. Digər səbəb mövsümə uğursuz başlanğıcdır. Uşaqlarda özünəinam itib, kollektivdə ruhsuzluq var sanki. Əsas da kubokun finalında əsas vaxta əlavə olunmuş dəqiqələrdə uduzandan sonra açıq-aşkar eniş hiss olunur. Bəzi kiçik səbəblər də var. Yəqin ki, ən qısa zamanda həllini tapar.
- Vaxtilə “Səbail”də çiyin-çiyinə top qovduğun cənubi afrikalı Hendrik Ekşteyn hələ də futbol oynayır?
- Hə, buradadır. “Ama Zulu” komandasında oynayır. Bizimlə matçda 2 qol vurmuşdu. Gələndən iki dəfə görüşmək imkanımız olub. Çünki yaşadığımız şəhərlər bir-birindən çox aralıdır. Ölkənin bu başından o başına təyyarə ilə gedirsən. Çünki maşınla bir sutkadan çox yoldur. Keyptaundan Ekşteynin yaşadığı Durban şəhərinə məsafə az qala 2 min kilometrdir.
- Bilirəm, Cənubi Afrikanın ərazisi çox böyükdür.
- Təsəvvür edin, ölkənin ərazisi 1 milyon kvadrat kilometrdən çoxdur (əslində 1 milyon 220 min kv.km. – H.), Azərbaycandan azı 10 dəfə böyükdür. Ölkənin bir tərəfindən Hind, digər tərəfindən Atlantik okeanına çıxış var. İnanılmaz bir şeydir.
- Yerli mətbəxlə aran necədir?
- Qəti aram yoxdur. Bunlarda yeməklər tam fərqlidir, bizimkilərə zərrə qədər yaxın düşmür. Bütün yeməklərə sous qatırlar, hətta sulu xörəklərə də. Bir də acılı sevirlər. 4 aydır burdayam, hələ də öyrəşə bilmirəm. Afrikalılar səhər saat 9-9.30-da souslu, acılı toyuq qanadları yeyirlər.
- Yağ, pendir, bal yoxdur?
- Olmağına var, ancaq səhər yemirlər. Səhər yeməyində toyuq qanadları, qırmızı lobya, sıyığa bənzəyən südlü xörək, hə, bir də yumurta soyutması, ya da qayğanağı olur. Mətbəxləri bizimkindən və Avropanınkından xeyli fərqlənir. Hər nə qədər çətinlik çəksəm də, çıxış yolu tapmağa çalışıran. Restoranlardan nəsə sifariş edib yeyirəm. Bəxtsizlikdən mətbəxlə qəti aram yoxdur (gülür).
- Bazada qalırsan, yoxsa ev kirayələmisən?
- Baza tipli yerdir. Bizdə “Ruslan-93” necədir, bura da elə. Ancaq idmançılar məskunlaşır, baza kimi yaşayış ərazisidir. Klub hələ ki, 3 aylıq buranı təşkil edib. Gələn ay öz hesabıma ev kirayələyəcəm.
- Ünsiyyət məsələsini necə yoluna qoyursan?
- Az da olsa ingilis dilində bilirəm. Bildiyim səviyyədə də yola verirəm. Bir şey var ki, danışdıqca daha çox öyrənirəm. 1 il burada qalsam, ingilis dilində rahat danışacam. Ona doğru gedir (gülür). Restoranda, ya da hansısa obyektdə fikrimi tam izah edə bilməyəndə tərcümə proqramından istifadə edirəm.
- İngilis dili əsas hesab olunur?
- Əsas dil Afrika dilidir. Öz aralarında dillərində danışırlar. Ancaq ikinci dil kimi ingiliscədən istifadə edirlər. Bizdə rus dili necədir, bunlarda da ingilis dilidir. Ancaq bir şey də var ki, ingiliscəni ləhcə ilə danışırlar, hər adam başa düşə bilmir.
- Çətin şərtlər altında yaşayan, şəraitsiz vəziyyətdə futbol oynayan afrikalıların Avropada uğurlu çıxışının, rahat uyğunlaşmasının səbəbi nədir? Bu sualla bağlı müşahidə aparmısan heç?
- Bir insanın yad ölkəyə uyğunlaşması üçün iki şey tələb olunur. Biri dildir, ikinci dözümlülük. Bunlar ingilis dilini məktəbdən öyrənirlər, başqa ölkələrdə isə fransızca tədris olunur. Ən kasıbları, evsizləri belə, xarici dil bilir. Dözümlülük isə canlarındadır. İlin 12 ayını küçələrdə əziyyət çəkirlər, bir çox bölgələrdə aclığa dözürlər, əllərinə keçəni yeyirlər. Ona görə də Avropaya gedəndə cənnətə düşürlər, ancaq futbolu düşünürlər, daha yaxşı yaşamağa və qazanmağa can atırlar. Biz azərbaycanlılar getdiyimiz yerdə rahatlıq axtarırıq - hər şey ayağımıza gəlsin, kimsə bizə söz deməsin, nəyisə tələb etməsin, çətinlik görməyək. Hə, bir də...
- Nə?
- Fiziki hazırlıqları həddindən artıq yüksəkdir. CAR hələ yaxşıdır, elə ölkələr var ki, səfalət içində batırlar, günün altında, palçığın üstündə gəzib, yaşayırlar. Uşaq yaşlarında dəhşətli dərəcədə çətinliklər görürlər deyə, futbolçu olub yaxşı pul qazanmaq, şərait qurmaq barədə fikirləşirlər. Sırf Afrikadan çıxan futbolçulara fikir verin, əsasən fiziki hazırlıqları, boy-buxunları ilə seçilirlər. Tək-tük futbolçu olar ki, cüssəli deyil, ancaq dözümlülüyü var.
- CAR-ın aparıcı klubları sayılan “Kayzer Çifs”, “Mamelodi”, “Orlando Pirates” kimi klublarda oynayan futbolçular Premyer Liqamizda baş çıxara bilər?
- Açqı deyim, Premyer Liqanın səviyyəsi, keyfiyyəti bunların çempionatından daha üstündür. Bizdə baxımlılıq var, futbol elementləri görünür. Burada ancaq güc futboludur. Məsələn, “Qarabağ”da, “Neftçi”də, “Sabah”da olan pul CAR-ın iddialı klublarında yoxdur. Azərbaycanda 3-4 klub var ki, legionerə 300-400 min avro, hətta daha artığını verə bilir. Ancaq burada bu pulu qazanan 5-10 futbolçu var. Digər məsələlərə gəlincə, böyük klubların azarkeşləri kifayət qədərdir. Məsələn, bizim “Orlanda” ilə oyunumuza 30 minə yaxın adam gəlmişdi. “Mamelodi” ilə matçda 20 mindən çox azarkeş var idi. Ancaq kiçik komandalar bir-biri ilə qarşılaşanda, maraq yox dərəcəsində olur.
- CAR gələn ilki dünya çempionatına vəsiqəni qazanması ölkədə necə qarşılandı?
- Vallah, heç nə hiss etmədim. Bəlkə də dostlar yığışıb haradasa qeyd edirdilər. Ancaq şəhərdə xüsusi bayram, atəşfəşanlıq, maşınlarla gəzmək-filan, belə şeylər görmədim. Halbuki uzun müddətdən sonra dünya çempionatına vəsiqə qazanıblar (CAR sonuncu dəfə DÇ-2010-da mübarizə aparıb – H.). Bunlar üçün normal haldır, sanki belə də olmalıymış kimi. Bir şey də deyim ki, CAR-da bir nömrəli idman növü reqbidir. Bunlar reqbi ilə nəfəs alırlar.
- Ötən il “Kəpəz”in elitada qalmasında pay sahiblərindən biri sən idin. Gəncə təmsilçisi yenə eyni vəziyyətdədir, yenə Azər Bağırov “batan gəmi”ni xilas etməyə çalışır. Mümkün olacaq, səncə?
- İnşallah ki, mümkün olar. Çünki rəqiblərlə xal fərqi elə də çox deyil. Ancaq bu dəfə bir az çətin görünür. Azər müəllimlə “Araz-Naxçıvan”da, “Kəpəz”də işləmişik. Yaxşı insan, bacarıqlı məşqçidir. Ötən mövsüm komanda daha yaxşı oynayırdı, işıq yeri görünürdü. Bu il elə səhvlər edirlər, adam söz tapa bilmir. Bir az da bəxtsizlik var. Yaxşı oynadıqları matçlarda uduzduqları olub. Oyun keyfiyyətini yaxılaşdırıb, heyəti bir az gücləndirsələr, qışdan sonra ötən ilki “Kəpəz”i görmək mümkün olar. İnanıram ki, komanda yekunda Premyer Liqada yerini qorumağı bacaracaq.
- Azərbaycandan Afrika qitəsinin qurtaracağına gedib çıxan biri kimi azərbaycanlı futbolçulara nə kimi məsləhət verə bilərsən? Ölkədən çıxmağa dəyər?
- İmkan varsa, niyə də yox? Çempionatımızın səviyyəsi artıb, “Qarabağ”, maşallah, uğurları ilə dünyaya səs salıb. Yəni Azərbaycan futbolunun adı get-gedə yüksəlir. Yeganə problemimiz milli komandalarla bağlıdır, o da yəqin zamanla düzələr. Legioner həyatı yaşamaq adamı həm insan, həm də futbolçu kimi bərkidir, dünya görüşünü artırır. Oturub aparıcı ölkələrdən, böyük klublardan təklif gözləməyə gərək yoxdur. Onsuz da limit tətbiq olunub, yerlilər az şans qazanır. Gedib mütəmadi oynasınlar, özlərinə gün ağlasınlar.
Həbib Aslanov
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

