“Neftçi”dən hər şeyi “Sportinfo”ya açıb dedi, gizli heç nə qalmadı!

19:40 Müsahibə 322
“Neftçi”dən hər şeyi “Sportinfo”ya açıb dedi, gizli heç nə qalmadı!

“Neftçi”nin legioneri İmad Faraj Sportinfo.az-a müsahibə verib.

Ümidləri doğrultmayan fransalı cinah yarımmüdafiəçisi komandasının Azərbaycan kubokunda “Zirə”yə məğlub olduğu matçdan sonra (0:1) bir sıra qaranlıq məqamlara aydınlıq gətirib.

- “Neftçi”nin oyunu fərdlərin üzərində qurulub və bu da effekt vermir. Baxımlı, canayatan, kombinasiyalı, dominant futbol oynamağınıza nə mane olur?

-Yeni baş məşqçi gəlib və onunla çox məşq etmək imkanımız olmayıb. Bu məşqçi ilə vaxtımız çox olsaydı, taktika üzərində daha çox işləsəydik, “Zirə”yə qarşı fərqli görünərdik. Bunu deməklə Samirin (Samir Abasovu nəzərdə tutur – H.) pis məşqçi olduğuna işarə vurmuram. Onun dövründə “Karvan-Yevlax”a, “Araz-Naxçıvan”a, qarşı “Sabah”möhtəşəm oyunlarımız olmuşdu. Sadəcə, qol imkanlarını dəyərləndirə bilməmişdik, ya da müdafiədə səhvlər etmişdik.

- Çempionatda vəziyyət çətindir, kubok da əldən getdi. Bundan sonra nəyə ümid edirsən?

- Məqsədimiz yayda Avropa turnirində çıxış etməkdir. Və bunun üçün sona qədər mübarizə aparacağıq. İnşallah, istəyimizə çatarıq. “Neftçi”nin yeri avrokuboklardır, Premyer Liqada 7-8-ci yerlər yox. Problem bilirsiz nədir?

- Nə?

- Ardıcıl 2-3 qələbə qazana bilmirik. Bir oyun uduruq, növbəti görüşdə yenə xal itiririk, ya da uduzuruq. Ardıcıl 3 oyunu qalib başa vursaq, sizi inandırım, davamı gələcək. Yuxarı pillələrdə aramızda 7-8 xal fərq var. Finişə 23 tur qaldığını nəzərə alsaq, bunu aradan qaldırmaq çox asandır.

- “Neftçi” bu büdcə, bu futbolçular, bu imkanlarla avrokuboklara vəsiqə qazana bilmir. Təssəvvür edirsən bunu?

- Təsəvvür etmirəm, etməyəcəm də. Çünki neqativdən uzaq adamam. Avrokuboklarda çıxış etmək üçün kifayət qədər yaxşı heyətimiz var. Sizə əminliklə deyə bilərəm ki, “Neftçi”nin builki transferləri əladır. Məşqlərdə çox yaxşı görünürlər, ancaq oyuna çıxanda alınmır. Dediyiniz kimi, dominant futbol oynamalıyıq, topa nəzarət etməliyik. Rəqibin qapısı qarşısına uzun ötürmələr etməklə heç nə alınmayacaq.

- Yaxşı heyətiniz var. Bəlkə bacarıqlı baş məşqçiyə ehtiyacınız var?

- Əlbəttə. “Barselona”nı götürək, yaxşı məşqçi olmasa, heç nə edə bilməzlər. “Liverpul”a baxın, uduza-uduza gedirlər. Halbuki Kloppun dövründə İngiltərə çempionu olmuşdu, Çempionlar Liqasını qazanmışdı. Vəziyyəti düzəltmək üçün bəzi elementlərə və ya düzəlişlərə ehtiyac var. Ondan sonra “Neftçi” möhtəşəm təsir bağışlayacaq. Çünki fərdi keyfiyyətləri yüksək olan futbolçularımız çoxdur. Lakin kollektiv futbol oynaya bilmirik. Mən Abubakarın oyun üslubunu bilmirəm, Varqas mənim nə edəcəyimi bilmir, yaxud başqa futbolçu digərinin. Ona görə də çox işləməliyik, komanda futbolu oynamalıyıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti