Qurban Qurbanov "Qarabağ"a ikinci Kintananı gətirdi

00:50 Qarabağ 300
Qurban Qurbanov "Qarabağ"a ikinci Kintananı gətirdi

2015-ci ilin mart ayı idi. "Qarabağ" Dani Kintananı transfer etmişdi.

Lakin Səudiyyə Ərəbistanından gələn ispan futbolçu həmin mövsüm artıq iki klubda çıxış etdiyi üçün (oxu: "Yagelloniya", "Əl-Əhli") "Qarabağ"da oynaya bilməzdi.

O vaxt Qurban Qurbanovun istəyi ilə Dani yeni mövsümün başlamasına qədər "Qarabağ"ın düşərgəsində olmalı, yalnız məşq etməli idi. Həmin vaxtlar Kintana hamımız üçün sirli qutu idi. Oyunlarda görmürdük, nəyə qadir olduğunu bilmirdik. Amma bir məsələ də var idi ki, Qurban Qurbanov xeyli vaxt oyunlara çıxa bilməyəcək futbolçu ilə müqavilə imzaladırdısa, deməli, söhbət çox istedadlı futbolçudan gedirdi.

Həmin ərəfədə "Qarabağ"ın futbolçularının birindən Kintananı maraqlanmışdım. O vaxtlar "Qarabağ"ın bəzi oyunçuları məşqdən sonra bazada inzibati binanın düz qabağında yerləşən kiçik meydançada altı-altıya futbol oynayırdılar. Kintana da onların sırasındaydı. Deyilənə görə, Dani həmin minifutbol matçlarında klass göstərirdi. Bunu danışan adam iddia edirdi ki, belə texnikaya və performansa malik oyunçu mütləq bizim çempionatda adından söz etdirəcək. Zaman keçdi, həmin fikirlər doğruldu. Kintana ölkəmizə gəlib-getmiş ən yaxşı əcnəbi futbolçulardan biri oldu.

Kintananın həmyerlisi Joni Montiel də "Qarabağ"da oxşar tale yaşayır. Gəldiyindən bəri xeyli vaxt keçsə də, indi-indi oynamağa başlayıb. Zədəsini sağalmaqla məşğul olan ispan futbolçu mövsümün ilk dövrəsini boşa vermiş olub.

Onu axır oyunlarda görməyə başlamışıq. "Zirə" ilə son oyunda 90 dəqiqə meydanda oldu. Montiellə bağlı suala cavab verən Qurban Qurbanov onun hələ tam hazır olmadığını desə də, "Ayaks"la matçın gedişində sonradan meydana daxil olması ehtimalını da vurğuladı.

Uzun müddət kənarda qalıb. Optimal forma yığması üçün zamana ehtiyacı var. Amma artıq indidən onun barəsində müəyyən fikirlər yürütmək olar. Joni Montielin topla rəftarı sadəcə möhtəşəmdir. Yüksək texnikaya malikdir, elə həmyerlisi Kintananı xatırladır bu mənada.

Qurban Qurbanov onun daha bir özəlliyini qeyd edib. Montiel universaldır, 3 mövqedə çıxış edəcək bacarıqlara malikdir.

"Qarabağ"da belə futbolçuya ehtiyac var. O, "Qarabağ"ın yeni Kintanası ola bilər (sportal.az).

Emin Abbasov

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!