Azərbaycan millisini DÇ-2026-nın növbəti matçını da məğlub başa vurdu.
8-ci km qəsəbə stadionunda İslandiya yığması ilə qarşılaşan seçməmiz qapısında 2 cavabsız top gördü.
İslandiyalı mərkəz müdafiəçisi Daniel Qretarsson Sportinfo.az-a müsahibə verib.
- Özünü necə hiss edirsən? Yorğun, yoxsa məmnun?
- Hər ikisi var (gülür). Çox yaxşı iş gördük. Nə etməliydiksə, öhdəsindən gələrək layiqli qalib gəldik. Qarşıda bizi Avropa çempionatına vəsiqə ilə bağlı Ukraynayla çətin qarşılaşma gözləyir.
- İslandiyada 0:5 uduzan rəqibdən bu cür oyun gözləyirdin?
- Əlbəttə, bundan məlumatlı idik. Komandanızdakı baş məşqçi dəyişikliyi və öz meydanında inamlı təsir bağışlaması bizi diqqətli olmağa məcbur edirdi. Üstəlik, alışmadığımız iqlim və saat fərqi də ziyanımıza işləyirdi. Azərbaycan millisi həqiqətən də burada fərqli göründü.
- Rəqibi hansı komponentlərdə üstələdiyinizi düşünürsən?
- Qazonun həddindən artıq sulanması müəyyən mənada planlarımıza təsir edirdi. Və buna görə də lazımsız top itkiləri nəticəsində rəqibə əks-hücum imkanları verirdik. Azərbaycan yığması əks-hücumlarda çox təhlükəlidir. Lakin imkanları qola çevirə bilmədilər. Biz isə əlimizə düşən fürsətlərdən lazımınca yararlandıq. Fikrimcə, əsas üstünlüyümüz bu idi.
-Stadiondakı ab-havanın oyuna əlavə rəng qatdığını deyə bilərik?
- Paltardəyişmə otaqları, tribunalar, stadionun kompakt olması – hamısı əladır. Yeganə xoşagəlməz məqam bayaq dediyim kimi, qazonun sulu olmasıydı ki, buna görə çox əziyyət çəkdik. Bəlkə də azərbaycanlı futbolçular belə şəraitdə oynamağa öyrəncəlidir. Lakin bizim üçün yenilik idi.
HƏBİB

