Azərbaycan kubokunda mübarizəni vaxtından əvvəl dayandıran “Neftçi”nin ümidi Premyer Liqaya qalıb.
İndi əsas məqsəd qış fasiləsinə qədər baş tutacaq 3 oyunda maksimum xalda say toplamaqdır.
14-cü turdakı rəqib isə mövsümü titulla başa vurmağı hədəf seçən “Sabah”dır.
“Ağ-qaralar” prinsipial qarşılaşmaya itkisiz hazırlaşıb.
Komandada cəzalı futbolçuların olmaması sevindirici məqamdırsa, zədəlilərin sıraya dönməsi məşqçilər heyətinin işini xeyli asanlaşdırıb.
Klubdan əldə etdiyimiz məlumata görə, son matçlarda zədə səbəbindən iştirak etməyən Emil Səfərovla Falaye Sako da sıraya qayıdıb.
Əvəzində, “Sabah”ın bu matçda 6 legionerin xidmətindən istifadə edə bilməməsi ehtimalı yaranıb.
İvan Lepinitsa, Zinedin Uld Xaled, Cesse Sekidika, Pavol Şafranko, Boyan Letiç və Neqoş Kupusoviç zədəlidir.
Bunlardan yalnız Lepinitsa və Sekidikanın növbəti görüşdə iştirak ehtimalı var. Hər ikisinin oynayıb-oynamayacağı hələlik dəqiq deyil.
Dekabrın 8-də baş tutacaq “Sabah” - “Neftçi” qarşılaşması saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

