"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Premyer Liqanın 12-ci turunda "Sumqayıt"ı məğlub etdikləri (4:2) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.
- Belə gərgin oyun keçəcəyini gözləyirdin?
- Bəli. Çünki rəqib ilk oyunda bizi məğlub etmişdi. Buna görə matça ciddi hazırlaşmışdıq. Ümumi baxası olsaq, qarşılaşmanın bəzi hissələrində "Sumqayıt", bəzi hissələrində biz üstün idik. Sonda 3 xalı qazandığımız üçün şadıq.
- Rəqib xüsusi nə ilə sizi təəccübləndirə bildi?
- Açığı, 10 nəfərlə qalandan sonra belə hücumlar etməyə başlaması gözlənilməz idi. Bir çox təhlükəli vəziyyət yaratdılar. Oyundan qopmadılar, hətta hesabı bərabərləşdirmək şansları da oldu. Kifayət qədər yaxşı çıxış etdilər.
- Dolu tribunlar önündə görüş xüsusi zövq verdi?
- Ötən oyun "Neftçi"yə qarşı, bu dəfə Sumqayıtda dolu tribunalar önündə oynadıq. Təbii ki, bu məqam matçın keyfiyyətini artırır. Bəlkə də elə rəqibin 10 nəfərlə qalandan sonra hücumları davam etdirməsi bununla bağlıdır. Bizim üçün əlavə motivasiya idi. Ümid edirəm ki, digər oyunlar da belə şərtlər altında keçirilər.
- Qırmızı vərəqə və penaltinin qaçırılmasının "Qarabağ"ı xal itkisindən xilas etdi deyə bilərik?
- Bəlkə də... Amma qırmızı vərəqədən sonra da rəqib kəsərli görünürdü. Penaltini qaçırsalar da sona qədər vuruşdular.
XANOĞLAN İMANOV

