“İmişli” “Neftçi”ylə səfər qarşılaşmasında qələbəyə sevindi.
3:2 hesabının qeydə alındığı qarşılaşmada qolların ikisini müdafiəçilər vurdu ki, biri mərkəz müdafiəçisi Dioqo Rollonun payına düşdü.
24 yaşlı braziliyalı Sportinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.
- Təbrikləri qəbul etməkdən yorulmursan?
- (gülür) Çox gözəl gündür və özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm.
- “Neftçi”ni səfərdə məğlub etməyi ağlına gətirə bilərdin?
- Rəqibin adından asılı olmayaraq, hər oyuna qalibiyyət üçün çıxırıq. Məşqlərdə və ümumi söhbətlərdə özümüzü bu istiqamətə yönləndiririk. İnsan əziyyət çəkəndə gec-tez bəhrəsini görür. Bu qələbə aylardır çəkdiyimiz əziyyətin nəticəsi idi.
- “Neftçi”ni nədə üstələdiz?
- Əvvəla onu deyim ki, “Neftçi”də fərdi keyfiyyətləri yüksək olan futbolçular cəmlənib. Elə oyunçular var ki, onları saxlamaq mümkün deyil. İnanılmaz dərəcədə möhtəşəmdirlər. Bu cür komandaların qarşısını layiqli mübaruizə aparmaqla almaq mümkündür. Biz bu gün əsl döyüşçü xarakteri göstərərək istəyimizə çatdıq.
- Sanki motivasiya və qələbə istəyi baxımından da rəqibi üstələyirdiz.
- Əslində, “Neftçi” də motivasiyalı idi. Çünki avrokubok mübarizəsi baxımından 3 xal onlara daha çox lazım idi. Bəlkə də onlarda tələskənlik, bizdə isə rahatlıq var idi deyə, bizdə alındı, onlarda yox.
HƏBİB

