"Zirə" mövsümdə ikinci dəfə "Qarabağ"dan xal qoparmağı bacardı.
Birinci dövrədə olduğu kimi "qartallar" bu dəfə də qələbəni əldən verdi.
Amma əldən olunan 1 xal elə qələbə dəyərindədir.
"Ayaks"la oyunun planlarını quran Qurban Qurbanov ideala yaxın heyətlə meydana çıxmışdı.
Amma Rəşad Sadıqovun komandası xüsusilə ikinci yarıda gələn təzyiqi ram etməyi bacardı.
Ümumiyyətlə, 43 yaşlı mütəxəssis çox sabit kollektiv formalaşdırmağı bacarıb.
David Volkov uzun müddətdir sıradan çıxıb.
Brahim Konate və Ayron Qomis müxtəlif səbəblərdən oyunu buraxırdı.
Artıq həftələrdi Sadıqov eyni problemlərdən əziyyət çəkir.
İdeal "11-lik" üzünə həsrətdir.
Bəzən eyni vaxtda 3-4 əsas heyət üzvünün xidmətindən məhrum olur.
"Sabah"la görüş xaric digər matçlarda boşluq kölgədə qalıb.
Kimliyindən asılı olmayaraq meydana ayaq basanlar mexanizm kimi çalışır, kənarda qalanların yoxluğu heç sezilmir.
Çempionluq yenə çətin görünür, amma belə davam etsə, "Zirə" mövsümün sonu mütləq medalçılar sırasında yer alacaq.
XANOĞLAN İMANOV

