«Qarabağ»dan xal almaq Premyer Liqanın istənilən iştirakçısı üçün qızıldan qiymətlidir.
Heç də hamı bunu bacarmır.
Əvvəl «Zirə» üçün də belə idi: nə vaxt qarşılaşırdılar, məğlub tərəf onlar olurdu.
Zaman asta-asta dəyişməyə adət etdiyi kimi, Rəşad Sadıqov da «Zirə»ni həmişə məğlub psixologiyasından uzaqlaşdıra bilib. Bu, əlahəzrət vaxtın düzgün dəyərləndirilməsidir.
«Zirə» son illərin dəyişməz çempionu ilə qarşılaşmada bütün hesablamaları doğru apardı. Hər şey təxmin etdikləri oldu və alındı.
«Qarabağ»ın ağlının ucunda «Ayaks»ı tutmasını bilən ev sahibləri qonaqlarından daha cəsarətli futbol nümayiş etdirdi və bunu 90 dəqiqəyə yaydı.
Yaddan çıxarmayaq, bu, hələ «Zirə»nin maksimumu deyil, itkiləri çoxdur. Rəşad Sadıqov müxtəlif futbolçuları adət etdiyimiz yox, ayrı, gözlənilməz mövqelərdə sınaqdan keçirməyi xoşlayır və bu, bir qrosmeyster işidir.
Gah müdafiədə, gah orta sahədə peyda olan İssa Cibrilanın bu dəfə hücumun sivri ucunda görünməsi kimi. İssanın fərqləndiyi epizod məşqlərdə dönə-dönə çalışılıb.
«Zirə» öz yolunu (üslubunu) çoxdan tapıb. Qış tətilini boş keçirməsələr, yəni, azı 1-2 transfer etməyə pul tapsalar, çempionluq yarışmasında sonadək «mən də varam» deyəcək, «Qarabağ»ı daban-dabana təqib edəcəklər.
ELNUR

