“Evlərimi kirayə verirəm” - Yığmamızın sabiq üzvü ailəsinə görə futboldan uzaqlaşdı

28 Sentyabr 2021 21:00 Müsahibə 2 304
“Evlərimi kirayə verirəm” - Yığmamızın sabiq üzvü ailəsinə görə futboldan uzaqlaşdı

Aleksandr Çertoqanov Ukraynada doğulsa da, 16 illik futbolçu karyerasının 13 ili Azərbaycanla oldu.

2004-cü ildə “Bakı”ya gəldi, 4 ilə yaxın “Neftçi”nin formasını geyindi, sonradan “Simurq”, “İnter”, “Qəbələ” və “Sumqayıt“ın uğurları üçün tər tökdü.

Azərbaycan millisində 52 oyun keçirən Saşanın qazandığı titullar arasında çempionluq və ölkə kuboku var. Qısası, burda parlaq karyera qurmağı bacardı.

Lakin Azərbaycan karyerası başa çatandan sonra Çertoqanov yoxa çıxdı. Vətənə Ukraynaya yollandı və bir də görünmədi

. Millinin sabiq “8”i ilə söhbətdə yoxa çıxmasından başlayıb, bir çox mövzular ətrafında söhbətləşdik.

- Səsini eşidək. Necəsən? Nə var, nə yox?
- Yaxşılıqdır deyərdim. Uşaqlar böyüyür, birinin 7, o birinin 4 yaşı var. Onlarla məşğul oluruq. Başqa elə bir şey yoxdur (gülür).

- O vaxtdan gedən oldun, daha gəlmədin buralara.
- 2 il əvvəl gəlmişdim axı. Əhməd rəhmətə gedəndə Bakıdaydım (vaxtilə “Neftçi”də Vlastimil Petrjelanın sürücüsü işləmiş, çoxlarının “dyadya” kimi tanıdığı Əhməd Nəbizadə - H.). Sağlıq olsun, bu ayın 30-u yenə gələcəm.

- Nə əcəb?
- Elə-belə gələcəm. Bir-iki məsələ var, onlara aydınlıq gətirməliyəm.

- Ukraynada nə işlə məşğulsan bəs?
- İş-zad yoxdur. Dediyim kimi, uşaqları böyüdürük.

- Biznesin yoxdur?
- Yox, biznes qurmamışam. O vaxt hara pul yatırımı eləmişdim, indi ordan “yeyirəm”.

- Sirr deyilsə, ora haradır elə?
- Xüsusi bir şey deyil. Evlərimi kirayə verirəm. Nə bilim, belə. Güclü işim yoxdur (gülür).

- Futbolsuz darıxmırsan?
- Futbolsuz həmişə darıxdırıcıdır. Amma indi normal futbol yoxdur axı.

- İllərini futbola həsr etmisən. Səninlə futbol oynayanlar indi məşqçi, agent, klub funksioneri kimi fəaliyyət göstərir.
- Agent dövranı keçdi artıq. Bu, ötən əsrə aid peşədir. İndi klublara menecer lazım deyil. Texnologiya kifayət qədər inkişaf edib, özlərinin də skautları var. Hansı futbolçu haqda məlumat lazımdırsa, tapıb çıxarırlar. Məşqçi işləməyə gəlincə, məni burda tanıyan çox azdır. Karyeram Azərbaycanla bağlı oldu deyə, məşqçi işləmək fikrim olsa, gərək Bakıya gedim. Orda bəlkə kiməsə lazım olaram. Burda çətin.

- Futbolçu karyeranı 5 ildir başa vurmusan və hələ də heç bir işə başlamamısan.
- Hələ heç yerə getmək istəmirəm. Uşaqlar balacadır, onlarla məşğul olmaq lazım gəlir. Gələcəkdə görək nə olur.

- Azərbaycan futbolunu, çempionatını izləyirsən?
- Baxıram, əlbəttə, baxıram. Mənimlə oynamış uşaqların hamısı indi Premyer Liqada məşqçi işləyir.

- Təəccüblənirsən?
- Niyə təəccüblənim ki?! Əksinə, sevinirəm. Yaşımız artır, nəsillər dəyişir. Bu gün biz işləyirik, sabah başqa nəsil gələcək. O vaxt bizə məşqçilik edənlər estafeti nisbətən cavanlara verib.

- Hansı məşqçinin işini daha çox bəyənirsən?
- Bilirsən, kənarda dayanıb mühakimə etmək, yaxud kimisə kimdənsə fərqləndirmək asandır. Amma işin içini bilmək başqadır. Məsələn, mən hansı məşqçinin hansı büdcə ilə komanda qurduğunu bilmirəm. Ola bilsin, hansısa məşqçi böyük pullar qarşılığında minimumu bacarıb, ya da hansısa məşqçi məhdud büdcə ilə maksimumu edib. Ona görə də bir söz demək çətindir. Ümumi götürsəm, Samir Abasovun uzun illərdən sonra “Neftçi”ni çempion etməsi diqqətçəkən idi. Mən “Sumqayıt”da karyeramı başa vuranda Samir məşqçiliyə başlamışdı. İşini bəyənirdim, açığı. Halal olsun, durmadan üzərində çalışır, irəli boylanır. Sadəcə, avrokuboklarda ciddi nəticələr əldə edə bilməmələri yerinə düşmədi.

- Rəşad Sadıqov, Elmar Baxşıyev, Ayxan Abbasov, Aftandil Hacıyev...
- Hə, Rəşad, Rəşad... “Zirə”nin baş məşqçisidir. Baxıram oyunlarına, möhkəm, əzmkar komandadır. “Sumqayıt” da son iki ildir avrokuboklara vəsiqə qazanmaqla sevindirir. Bu mövsüm “Qəbələ” ilk pillələrdə qərarlaşıb. “Qarabağ” da ki, heç də... Ümumi götürsək, maraqlı keçir çempionat. Əvvəl pulu olan komandalar 3-5 güclü legioner gətirib, üzdə olan yerliləri yığıb çempion ola bilirdi. İndi pul yoxdur, fərdi keyfiyyətlər, məşqçi və futbolçu bacarığı üzə çıxır.

- Amma vaxtilə səninlə çiyin-çiyinə oynayanların çoxu Azərbaycan futbolunun 10-15 il əvvəlki vəziyyətinin indikindən yaxşı olduğunu düşünür.
- O vaxt çempionatda komanda sayı çox idi və yaxşı pullar var idi. Çempionluq uğrunda 6-7 komanda mübarizə aparırdı. Çox güman, çempionatın səviyyəsi baxımından belə deyirlər. Amma başqa məsələ var ki, o qədər pulun qarşılığında avrokuboklarda heç nə edə bilmirdik. Amma “Qarabağ” son illər fasiləsiz qruplarda oynayır, “Neftçi”ylə “Qəbələ” də bu mərhələyə yüksəlməyi bacarmışdı. Bu gün Azərbaycan futbolunun ən problemli yeri bölgələrdə futbolun olmamasıdır. Paytaxtdan kənar rayon və şəhərlərdə futbol olsa, səni inandırım, 5-10 ildən sonra Azərbaycanda istedadlı futbolçu əlindən tərpənmək olmaz. 8 komandanın 6-sı Bakını təmsil edir. Ona görə də adamlar stadionlara getmir.

-Azərbaycanda çalışmaqla bağlı nə vaxtsa AFFA-ya müraciət etmisən?
- Yox-yox, heç kimə heç nə deməmişəm. Bu gün Azərbaycanda işləməli olsam, gərək ailəmi də aparım. Bu isə elə-belə iş deyil. Ona görə də hələ Ukraynada qalmağı məqsədəuyğun sayıram.

- Keçmiş komanda yoldaşlarınla əlaqən qalıb hər halda.
- Azərbaycandakı dostlarım təkcə futbolçu və məşqçilər deyil. Başqa sahələrdə çalışan insanlarla da dostluq edirəm. Hamıyla əlaqəm qalır. Dediyim kimi, sentyabrın 30-u Bakıya gəlirəm. Görüşərik...

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti