"Sumqayıt"ın müdafiəçisi Keffel Resende Premyer Liqanın 10-cu turunda "Araz-Naxçıvan"ı məğlub etdikləri matçdan (3:2) sonra Sportinfo.az-a müsahibə verib.
- Əla oyun, möhtəşəm qələbə. Bunu necə bacardınız?
- Bəli, böyük qələbədir. Biz bu qələbəni bütün kollektivin gücü ilə qazandıq.
- 1:2 geri düşəndə nə hisslər keçirdin? Həmin anda 1 xala razı olardın?
- İkinci qolu buraxdığımız zaman mənim və bütün komandanın hissləri yəqin ki, məyusluq hissi idi. Çünki daha yaxşı oynayırdıq. Belədə gücümüzü toplayıb, hücuma keçdik. Heç-heçəni qəbul etməyəcəyimizi göstərdik. Çünki hər oyunu qazanmaq üçün oynayırıq. Xüsusən də evimizdə oynadığımız matçları.
- Arxada qalan 10 turdan sonra avrokuboklar zonasında mübarizəniz davam edir. Sona qədər burada qalmaq perspektivlərini necə görürsən?
- Biz həmişə növbəti oyunu düşünürük. Çempionatın sonunda hesablamalar apara bilərik.
- Növbəti görüş autsayder "Qəbələ" olacaq. Növbəti qələbənin yaxında olduğunu demək olar?
- Növbəti oyunda qələbənin təmin olunduğunu demək mümkün deyil. Bunun üçün çox çalışmalıyıq, çünki çətin bir matç olacaq. "Qəbələ" yaxşı oynayan komandadır. Əlbəttə ki, qalib gəlmək üçün çox çalışacağıq, amma heç vaxt ehtiyatı yerə qoymamalıyıq.
- Mövsümün startı ərəfəsində komandaya qoşuldun. Amma qısa müddətdə əsas heyət üzvünə çevrilməyi bacardın. Adaptasiya prosesini belə sürətlə necə arxada qoydun?
- Komanda yoldaşlarım tərəfindən tez bir zamanda qarşılandığım üçün komandaya uyğunlaşmağımın tez keçdiyini düşünürəm. Bu da meydanda işimi asanlaşdırır.
- Uzun müddət Portuqaliyada oynamısan. Oradan Azərbaycana gələn futbolçuların əksəriyyəti özünü yaxşı tərəfdən göstərməyi bacarır. Bunun xüsusi sirri varmı?
- Məncə, bir çox portuqaliyalı və digər əcnəbi oyunçuların uğurunun sirri zəhmətkeşlik və həmişə qalib gəlmək istəyində olmasıdır.
- Premyer Liqanın səviyyəsini səni qane edir? Nələri xüsusi qeyd edərdin?
- Bəli, xoşuma gəlir. Mən gəlməmişdən əvvəl də mənə liqanın ildən-ilə inkişaf etdiyini deyirdilər. İnanıram ki, hər il yalnız inkişaf etməyə davam edəcək. Qoy belə də davam etsin.
XANOĞLAN İMANOV

