“Bəzi şeyləri dəyişmək lazımdır, amma deməyəcəm"

14:20 Müsahibə 455
“Bəzi şeyləri dəyişmək lazımdır, amma deməyəcəm"

“Karvan-Yevlax” böyük ümidlərlə tyransfer etdiyi Coy-Slayd Mikelsdən hələ ki, istədiyini ala bilmir.

31 yaşlı hücumçu cari mövsümdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalsa da, cəmi 5 oyunda meydana çıxıb. Qalan 5 matçı zədə səbəbindən boşa verib.

“Zirə”ylə qarşılaşmada start heyətində yer alan Mikels növbəti dəfə zədələnərək 27-ci dəqiqədə əvəzləndi.

Almaniyalı forvard Sportinfo.az-a verdiyi müsahibədə həm bu məqama toxunub, həm də digər sualları cavablandırıb.

- Yenə mübariz oyun sərgiləsəz də, meydanı məğlub tərk etdiz.

- Konkret səbəb göstərmək çətindir. Çalışırıq, döyüşürük, qol vururuq, lakin məğlub oluruq. Önəmli olan odur ki, hər ötən oyunda daha fəal görünürük, güclü rəqibləri bizimlə hesablaşmağa məcbur edirik. Bu, gələcək adına ümid verir. İdmanda şans da çox önəmlidir. Hələ ki, bizdən uzaq gəzir. Bəzi şeyləri dəyişmək lazımdır.

- Məsələn, nələri?

- Bunu deməyəcəm. Bəzi şeyləri düzəltsək, dəyişsək, daha yaxşı olacağıq.

- “Turan Tovuz”la oyunda hesabı açıb məğlub olduz. “Zirə”ylə görüşdə hesabda iki dəfə önə keçib uduzduz. Qələbə hesabını qorumağa nə mane olur?

- Adlarını çəkdiyiniz rəqiblər meydanda dominant tərəf olub. Topa nəzarət edirlər, qapımız qarşısında boşluq axtarırlar. Biz isə topun dalınca qaçırıq, mübarizə aparırıq, onların qarşısına kəsməyə çalışırıq. Bu isə çox güc itirməyimizə səbəb olur, yoruluruq. Belə olmaması üçünsə müdafiədə “oturmamalıyıq”. Rəqibləri meydanın onlara aid hissəsində qarşılasaq, bu qədər yorulmarıq.

- Yevlaxda məşq edib, ev və səfər oyunlarınızı kənarda keçirməyiniz məğlubiyyətlərə səbəb göstərilə bilər?

- Bəhanə axtarmaq istəsək, bəli, bunu səbəb göstərə bilərik. Yox, əgər reallıqdan danışsaq, əsas səbəb deyil. Şamaxıda, yaxud Bakıda oynamağımızı bəhanə göstərə bilərik. Hə, o başqa məsələ ki, Yevlaxda oynasaydıq, nəticələr fərqli ola bilərdi. Çünki bizi orada minlərlə azarkeş gözləyir.

- Bildiyimə görə, son həftələrdə yeni salınmış qazonda məşq edirsiz. Örtüyün vəziyyəti necədir?

- Qazonun durumu yaxşıdır. Lakin hələ də Yevlaxda oynamamağımızın səbəbini dəqiq bilmirəm. Klub rəsmiləri məsələdən xəbərdardır. Yevlaxlı azarkeşlər səbrsizliklə bizi gözləyir. Bizim də onlara ehtiyacımız var.

- 10 tur keçib və artıq ikinci dəfə zədələndin. Nə baş verir?

- “Kəpəz”lə matçdan sonra aldığım zədəni təzələdim. Yenə həmin yerdə ağrılar başladı. İkili mübarizə zamanı ayağımdan səs gəldi, şiddətli ağrılar başladı. Niyə belə olduğunu özüm də anlamıram. MRT müayinəsindən sonra məlum olacaq.

- Hazırda özünü necə hiss edirsən?

- İndi heç nə deyə bilmərəm. MRT-nin cavabını gözləməyi üstün tuturam.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti