Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov Sportinfo.az-a açıqlama verib.
Təcrübəli mütəxəssis yığmamızın dünya çempionatının seçmə mərhələsində İslandiya ilə Bakıda baş tutan görüşünü şərh edib.
O, 0:2 hesablı məğlubiyyəti bu cür əsaslandırıb:
"Reallıqla danışası olsaq, bu mərhələdə xal qazanmaq üçün şansımız bu oyuna idi. Hamı ümidliydi. Millimiz ən azı 1 xal götürmək gücündəydi.
Təbii ki, qarşıda Fransa ilə daha bir oyun var. Amma bu rəqibin gücü ortadadır. Ona görə də daha çox İslandiya ilə görüşə fokuslanmışdıq.
Oyunu iki hissəyə bölmək olar. Birinci yarıda sönük matç gördük. Daha çox müdafiəni düşündük. Görünən bu idi. Topu rəqibə verərək daha çox sıxlıq yaratmaq istəyirdik.
Oyun sistemi bu yöndə idi. İkinci yarıda daha yaxşı oyun göstərdik. Rəqibə daha çox təzyiq etməyə başladıq. Gedişatda real qol imkanları olmasa da, buna cəhdlər vardı.
Yaxşı olardı ki, ilk dəqiqələrdən bu oyuna üstünlük verərdik. Çünki rəqibin heyətində Fransanın heyətində olan kimi topla rəftar edən oyunçular yox idi. Bir qədər basqı olsaydı, səhv etməyə məcbur etmək olardı. Necə ki, ikinci yarıda bunu edə bildik.
Birinci yarıdan fərqli olaraq, ikinci hissədə daha aqressiv milli gördük. Buna kimi artıq İslandiya istədiyi qolları vurmuşdu və daha çox hesabı qorumağı düşünürdü".
XANOĞLAN

