“Neftçi”ni “soymağ”ın yeni üsulu - Nümayəndə maaş alacaq, jurnalist fakt göstərəcək

10:40 Neftçi 143
“Neftçi”ni “soymağ”ın yeni üsulu - Nümayəndə maaş alacaq, jurnalist fakt göstərəcək

AFFA İntizam Komitəsi “Neftçi”nin baş məşqçisi Samir Abasovu sərt formada cəzalandırıb – 4 oyun texniki zonada yer almamaq və 10 min manat cərimə.

Nəyin əsasında?

İdman saytlarından birinin əməkdaşının “Qarabağ” – “Neftçi” qarşılaşmasından sonra şəxsi telefonunun yaddaşına köçürdüyü və saytda yayımladığı videogörüntüyə əsasən.

Həmin görüntüyə baxanda, Abasovun hakimlərin otağının qarşısından keçərkən söyüş söyməsi aydın şəkildə eşidilir. “P.....z penalti verir” etirazının baş hakim Elçin Məsiyevə ünvanlanması şübhə doğurmur.

Samir Abasov bu əmələ yol verməklə çox böyük səhv edib. Heç bir baş məşqçinin kimisə söymək haqqı yoxdur. Emosiyalara qapılıb, komandası uduzduğuna görə əsəblərinə hakim ola bilməyib, həmin an özünü pis hiss edib – fərq etməz, hər bir halda əndazəni aşıb. Xüsusən “Neftçi” kimi komandanı çalışdıran adam bu kimi hallar zamanı təmkinli davranmağı bacarmalıdır.

Videonu lentə alan gənc həmkarımızın yaxasından yapışmaq da çıxış yolu deyil. Jurnalistin işi gördüyünü yazmaq, yaxud lentə almaqdır. O da vəzifə borcunu yerinə yetirib, çəkib və ictimaiyyətə göstərib.

Qaranalıq qalan və hələ də anlamadığım məqam İntizam Komitəsinin mətbuatda yer alan videoya əsasən qərar verməsidir.

Dünya təcrübəsində futbol oyunları zamanı kimisə cərimələmək, yaxud cəzalandırmaq üçün hakimlərin, hakim-inspektorların və ya oyuna məsul şəxslərin raportu əldə əsas tutulur. Yəni belə vəziyyətdə AFFA nümayəndəsi Erkin Hüseynovun Samir Abasovun söyüşünü canlı görüb-eşitməsi vacib idi.Görübmü? Eşidibmi? Əlində maddi sübut varmı? Bildiyimə görə, yox.

Ya da, Elçin Məsiyevin özü bu barədə AFFA-ya şikayət etməliydi. “Neftçi”nin çalışdırıcısının təhqirini eşidibmi? Bununla bağlı şikayət edibmi? Bildiyimə görə, yox.

Texnologiya dövrüdür, süni intellekt hər ötən gün yeni mərhələyə qədəm qoyur. Evdə ayaqlarını uzadıb uzandığın yerdə bir də baxarsan ki, hansısa telefon proqramı vasitəsi ilə səni klubda mahnı oxuyurmuşsan kimi təqdim ediblər və sosial şəbəkələrdə yayımlayıblar.

Belə çxıır ki, sabah kimsə Qurban Qurbanovu, Ayxan Abbasovu, yaxud Valdas Dambrauskası “ilişdirmək” üçün saxta video düzəldib sosial şəbəkələrdə paylaşsa və saytlar da bunun yayımlasa, İntizam Komitəsi cəza tətbiq edəcək.

Hansı əsasla? Hansı məntiqlə?

Abasovla bağlı videonun saxta olduğuna eyham vurmaq fikrindən uzağam. Nə də baş məşqçinin hüquq müdafiəçisi kimi davranmaq eşqinə düşmüşəm.

Anlamadığım və cavab tapmaq istədiyim sual AFFA rəsmilərinin oyuna hansı iş dalınca getməsidir. Erkin bəy stadionda olubsa, niyə həmin epizodu lentə almayıb? Niyə bu barədə raportunda qeyd aparmayıb? Ümumiyyətlə, jurnalist görüntünü çəkən anda Hüseynov hardaydı?

Madam ki, məsul şəxlərin işini media mənsubları görəcək, o zaman qonorarı bizə versinlər, cəza-cərimə məsələlərinə özümüz baxaq. AFFA nümayəndəsi nəyə və kimə lazımdır?

Bir də ki, ilk dəfə üçün 10 min manat və 4 oyun cəza “dəri soymaq” deyilmi?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 19:00 "Qarabağ" bizi aldadır!