DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyun Yohann Berq Qudmundssonun İslandiya yığmasının heyətində 100-cü matçı olub.
Sportinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu dünənki qarşılaşmadan sonra yubileylə bağlı təəssüratlarını bölüşüb.
O, millidə 100 matça çıxmağın qürurunu yaşadığını bildirib:
“Özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm. Çoxlarının bildiyi kimi, bu, uzun vaxt aldı, amma nəhayət ki, baş verdi.
Bu nailiyyəti 3 xalla birlikdə əldə etmək isə yubileyi daha gözəl edir. Bu mərhələyə çatmaq mənim və ailəmin böyük şərəfidir, inanılmaz dərəcədə qürurluyam”.
Start heyətində meydana çıxan Qudmundssonun 2:0 hesabı ilə qalib gəldikləri görüşün birinci hissəsini daha yaxşı keçirdiklərini düşünür:
“Birinci hissə çox yaxşı keçdi, topa sahib olma üstünlüyü bizdə idi. İkinci hissə o qədər uğurlu alınmadı.
Amma səfərdə 2:0 hesablı qələbə qazanmaq əla nəticədir”.
İslandiya yığması qrupda son oyununu noyabrın 16-da Ukraynaya qarşı keçirəcək.

