Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiyaya məğlub oldu – 0:2.
Oyun başa çatandan sonra son dərəcə məmnun görünən islandiyalı futbolçulardan Andri Qudyonsen Sportinfo.az-a müsahibə verib.
Vaxtilə “Çelsi”, “Barselona” kimi məşhur klubların şərəfini qorumuş, Çempionlar Liqası kubokunu başı üzərinə qaldırmış Eydur Qudsyonsenin oğlu olan 23 yaşlı hücumçu matçla bağlı sualları cavablandırıb.
- Göstərdiyiniz oyun daha çox xoşuna gəldi, yoxsa yekundakı hesab?
- Məncə, bu gün meydanda üstün tərəf idik. Bunu öz oyunumuz, vurduğumuz qollar və yaratdığımız qol fürsətləri ilə sübut etdik. Azərbaycan seçməsinin öz azarkeşlərinin qarşısında inamlı təsir bağışladığını bilirdik. Heyətlərində fərdi ustalığı yüksək səviyyədə olan futbolçular bəzi anlarda bizə çətinlik yaratmaq istəsələr də, onların qarşısını vaxtında ala bilirdik. Bu cür ağır səfər oyunundan qələbə ilə qayıtmağımız bizi sevindirir.
- Yığmamızın ikinci hissədə göstərdiyi oyunu görəndə xal itkisi ilə üzləşəcəyinizdən ehtiyat edirdin?
- Açığı, rəqibdən bu cür sürət və pressinqi ilk hissədə gözləyirdim. Lakin onlar güclərini ikinci yarıya saxlamışdılar. Yəqin ki, məqsədləri 45 dəqiqə boyunca bizi yorub, sonradan sürəti artırmaq idi. Biz isə buna imkan vermədik. İlk yarıdakı vacib 2 qolla işimizi asanlaşdırdı. O qolları vurmasaydıq, bizim üçün çox çətin olacaqdı.
- Bugünkü Azərbaycan millisi ilə 2 ay əvvəl İslandiyada gördüyün komandanı müqayisə edə bilərsən?
- Çoxsaylı dəyişikliklər gördüm. İndiki komandada intensivlik və sürət hiss olunurdu. Qısa ötürmələrdən istifadə edir, dayanmadan pressinq edir, əks-hücumlar zamanı qapımız qarşısında təhlükə yaratmağa çalışırdılar. 2 ay öncə ilə müqayisədə millinizdə müəyyən dəyişikliklər diqqətimi çəkdi.
- Belə başa düşdüm ki, Bakı səfəri sizin üçün “asan gəzinti” xarakteri daşımadı.
- Xeyr-xeyr. Bizi burada hansı çətinliklərin gözlədiyini hiss etdiyimizdən, məsuliyyət və ciddiyət hislərimizi qorumuşduq. Hər şey düşündüyümüz kimi oldu. Gərgin və mübarizələrlə zəngin olan qarşılaşmanın sonuncu sevindiyimizə görə şadıq. Halbuki Azərbaycan millisinin də bir neçə real qol imkanı var idi. Belə “asan gəzinti” olmur.
HƏBİB

