"Dərinə getsək, məğlubiyyətlərin səbəbi çoxdur" - MÜSAHİBƏ

21:00 Müsahibə 132
"Dərinə getsək, məğlubiyyətlərin səbəbi çoxdur" - MÜSAHİBƏ

"Karvan-Yevlax"ın müdafiəçisi Elvin Yunuszadə Premyer Liqanın 11-ci turunda "Araz-Naxçıvan"a məğlubiyyət (1:2) haqda Sportinfo.az-a müsahibə verib.

- Yenə məğlub oldunuz...

- Çempionatın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. Yaxşı mübarizə apardıq, amma sonra yenə uduzduq. Yavaş-yavaş irəliləyiş olduğunu göstəririk. Gələcəyə ümid var. Xal qazanmağı gözləyirdik. Təəssüf ki, bacarmadıq. Çox məyusuq.

- Son 3 oyunda uzun müddət hesabda irəli olsanız da yekunda xalsız qalırsınız. Qələbə üçün nə çatmır?

- Dərinə getsək səbəblər çoxdur.

- Məsələn...

- İstər komandanın yeni olması, istər təcrübənin azlığı rol oynayır. Gözlə görünməyə bilər, ancaq damla-damla yığılır hər şey. Bəzən hakimlər elə qərar verir ki... Bunun özü də təsir göstərir. Bu barədə çox danışmaq istəmirəm.

- Nəticələrdə olmasa da, oyun baxımından inkişaf hiss olunurdu. Belə məqamda fasiləyə getmək necə təsir edə bilər?

- Əslində daha yaxşı hazırlaşmağımız üçün hər fasilə bizim üçün fürsətdir. Çünki yeni komandayıq. Daha çox çalışmaq lazımdır. Bizim üçün yaxşı oldu.

- Araz Abdullayev bu gün fərqləndi. Özün əsas heyət üzvünə çevrilə bilmisən. Uzun illər liqanı yaxından görmüş biri kimi, hazırda çempionatımızda səviyyə necədir?

- O dövrlə bu günün futbolu fərqlidir. Amma fərdi olaraq baxası olsaq, sanki əvvəlki dönəmdə oyunlar daha gərgin keçirdi. Rəqabət daha çox idi.

- Yevlaxa dönüş yaxında kimi görünür. Bu məqam müsbət nəticələrin açarı ola bilər?

- 100% təsiri olacaq. Bir yerdə məşq edirik, başqa yerdə oyuna çıxırıq. Qalmışıq yollarda. Yevlaxda böyük azarkeş ordusu var. Onlar da bizi yaxından görmək istəyir. Futbolda önəmli məqamdır. Bizə də müsbət təsir göstərə bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti