Azərbaycanda hazırkı millini çalışdıracaq 5 məşqçi var - RƏY

5 Mart 2020 18:46 Milli komanda 1 378
Azərbaycanda hazırkı millini çalışdıracaq 5 məşqçi var - RƏY

Dünən Sportinfo.az-a müsahibəsində Ağasəlim Mircavadov millinin yeni baş məşqçisinin kimliyi ilə bağlı suala "təcrübəli məşqçi olmalıdır, yerli məşqçilərdən isə beləsi yoxdur" cavabını verdi.

Adını çəkdiklərimiz - Rəşad Sadıqov, Ayxan Abbasov və Samir Abasov haqqında isə "Onlar klubda nə ediblər ki?" dedi.

Həqiqətənmi, millimizi çalışdırmağa layiq yerli məşqçi yoxdur? İsimləri gündəmdə olanlar milliyə gəlmək üçün mütləq klubda böyük uğurlar qazanmalıdır? Bu suallara cavab tapmaq üçün üz tutduq idman mediasında çalışan jurnalistlərə.

Amal Abışov (Sport7.az): "Ağasəlim Mircavadov bir məşqçi və ağsaqqal kimi böyük hörmət bəslədiyim biridi. Ayaqüstü söhbətlərimizdə dəfələrlə futbolumuz barədə müzakirələr aparmışıq, hiss etmişəm ki, bu günkü problemlərin fərqindədi. Təəssüflər olsun ki, Məşqçilər Komitəsində o başda olmaqla digərlərini də ətalər basıb, kreslolu məmura çevriliblər. Öz aralarında sanki bir mafiya yaradıblar, başqalarına qısqanclıqla yanaşırlar. Bu da psixoloji problemdi. Adı milliyə namizəd göstərilən gəncləri bir kənara qoyuram. Hazırkı şəraitdə onsuz da milliyə kimin baş məşqçi olmasının elə bir əhəmiyyəti yoxdu. Qoy elə Ağasəlim Mircavadov öz iddiasını ortaya qoysun, Şahin Diniyevlə, Vaqif Sadıqovla əl-ələ verib, bilik və bacarıqlarını millimiz üçün sərf etsinlər. Niyə Elxan Məmmədova deyə bilmirlər ki, biz də məşqçiyik, bu işdə təcrübəmiz var, millini çalışdıra bilərik?! Millimiz qrupda bir xal toplayır, Avropanın ən zəiflərindəndi. Bu gedişlə uzun müddət belə olacaq. Ona görə də istənilən yerli məşqçi komandanı çalışdıra bilər, Yurçeviçdən də pis nəticə göstərməz".

Rəşad Ergün (Komanda.az): "Mircavadov özü heç kimə lazım olmayan "Birlik kuboku"dan başqa nə qazanıb? Təcrübə qazanmaq üçün mütləq Fransaya 0:10 hesabı ilə uduzmaq lazımdır? Azərbaycan çempionu olmaqla təcrübə qazanılır? Bu adamlar hələ də anlamaq istəmirlər ki, Azərbaycanda qazandıqları çempionluqlar, kuboklar heç kimə maraqlı deyil. Beynəlxalq arenada isə şəxsən hörmətli Mircavadovun əlləri bom-boşdur. Həm də, Azərbaycan millisi ilə son seçmə mərhələdə oldğu kimi, 1 xal qazanmaq üçün nəinki təcrübəli, hətta heç məşqçi olmağa da gərək yoxdur. Bu cür komandanı bizim qonşu Əliş kişi də çalışdıra bilər".

Kənan Məstəliyev (Rekord.az): "Ha deyirik ki, danışmayaq, köhnə qvardiya yenə bizi danışdırmaqda israrlıdı. Klubda nəticələr əldə edib Fransada bizə yığmamızın tarixə yazılan 0:10 hesablı Oser faciəsini kim yaşatmışdı? Bəli, həmin bu sözlərin müəllifi Ağasəlim Mircavadov! Adam səsləndirdiyi fikirlərlə özü özünü təkzib edir. Azərbaycanda hazırkı millini çalışdıracaq azı 5 mütəxəssis var. Adlarını da çəkə bilərəm: Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov, Tərlan Əhmədov, Aftandil Hacıyev. Elə danışırıq, elə bil müzakirə mövzusu Azərbaycan yox, Braziliya yığmasıdı. Millimizin üzvlərinin 80 faizi elə yuxarıda adlarını çəkdiyim məşqçilərin rəhbərliyi altında oynayır, oynayıb. Guya Yurgen Kloppu gətirsək möcüzə edib Əmrəlini fantastik qoleador, Hüseynovu keçilməz divar, Abdullayevi ildırım sürətli vinger edəcək? Təbii ki, yox. Əlimizdəki material bəlli, materialın biçilmə məkanı bəlli, materialdan düzəldilə biləcək məhsul da bəlli. Bu millidə təcrübəli yerli və əcnəbilər də işləyib, nəticələri də aşağı-yuxarı eyni olub. Odu ki, Mircavadovun qismində onunla həmfikir olan futbol veteranlarımızın təzyiq və tənqidlə danışmağa ara verməsi lazımdı. İmkan verək, bir dəfə də cavanlar işləsin. İşləsinlər, görək nə olur. Olmaz, nəticə verməzlər, o zaman deməyə sözü(n)müz olar".

Elçin Cəlilov (Futbolpress.az): "Məhz məlum müsahibədəki sualları təxminən bir-bir incələyərək sual-cavab şəklində əlavə yazı da yazmışam. Məndən başqa bir neçə həmkar da bu açıqlamaya öz reaksiyasını göstərib. Başda Ağasəlim Mircavadov olmaqla, əksər veteranlar gənc futbolçulara, məşqçilərə motivasiya vermək əvəzinə, onları hər zaman aşağılayıb. Mircavadovun çəkilən adların qarşılığında gənc baş məşqçilər klublarda mütləq təcrübə toplamalıdı deməsi, özü-özünü təkzib etməkdir. Çox səriştəsiz fikirdi. Hiss olunur ki, şəxsi maraqlarını düşünməsi, sanballı fikir səsləndirməsinə mane olur. Mircavadov anlamalıdır ki, onun başçılıq etdiyi və millidə işləmiş təcrübəli baş məşqçilər nəsli nə Azərbaycan millisi üçün yaxşı nəticə qazandılar, nə də xoş bir ənənə qoydular. Ki, indi də gənc məşqçilər bu ənənəni davam etdirə. Hər hansı baş məşqçinin yetişməsində də Ağasəlim müəllimin və bir başqa veteranın danılmaz əməyi olduğunu qabarda bilmirik. Qurban Qurbanov başda olmaqla gənc baş məşqçilər nəsli formalaşmaqdadır. Buna Ayxan Abbasov, Samir Abasov, Elmar Baxşıyev, Aftandil Hacıyev kimi adları da nümunə çəkə bilərik. Bu məşqçilər gələcək vəd edirlər. Məncə, dəstək olmaq lazımdır. Adları da məşqçi kimi hansısa çirkin oyunlarda hallanmayıb. Əsas məsələ budur. On görə hesab edirəm ki, bu məsəllərdə AFFA ictimaiyyətin, mətbuatın fikirlərinə daha çox önəm verməlidi, veteranların yox! Veteranların çıxarları yalnız öz şəxsi mənafeyləri üçündür".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!