AFFA-nın italyanlara verəcəyi sərvət

5 Avqust 2020 12:30 Köşə 2 073
AFFA-nın italyanlara verəcəyi sərvət

AFFA yığma komandaya italyan baş məşqçi təyin etdikdən sonra mirzələrinə də təbliğatın yönü barədə göstəriş verdi:

De Byazi gözütox adamdır, Azərbaycanda qəpik-quruşa işləyəcək.

Və məlum oldu ki, De Byazinin 1,5 il ərzində alacağı qəpik-quruş cəmi-cümlətanı 900 min avrodur. Yəni ilə təxminən 600 min avro. Yəni Albaniya yığmasında çalışarkən qazandığından 3 dəfə artıq.

Bəs nə, Albaniya kasıb ölkədir, orda kasıblara heç 190 manat birdəfəlik yardım da verilmir. Və o da məlum oldu ki, De Byazi İtaliyadan özü ilə “xüsusi dəstə” gətirir.

Amma bu “xüsusi dəstə”nin Azərbaycandan çıxaracağı sərvət barədə yazılmır. Neynək, onda biz yazarıq. Deyək ki, De Byazi aza qane olub, ölkəmizdən 1,5 il ərzində 900 min avro – 1,8 milyon manat aparacaq.

Onun 4 köməkçisi də nə qədər gözütox olsalar da, gündə bir xurma ilə yaşasalar da, hər biri 1,5 il ərzində 450 min avronu ciblərinə yerləşdirə biləcəklər.

Bu da edir 900 min manat. Onu da 4-ə vursaq 3,6 milyon manat alınır. Üstünə də gələk dəstəbaşının - De Byazinin alacağı 1,8 milyon manatı. Bərabərdir 5,4 milyon manata.

Və 5,4 milyon manat italyanlara ona görə verilir ki, onların rəhbərlik edəcəyi komanda qrupda aşkar autsayder olacaq, heç bir nəticə əldə etməyəcək.

Bunu futbol ictimaiyyəti də, AFFA rəhbərliyi də, elə italyanlar özləri də bilirlər. Nəticənin olmayacağı bəllidirsə, AFFA rəhbərliyi italyanlara 5,4 milyon manatı niyə verir? Azərbaycanın o pula ehtiyacı yoxdur? Olmaya, AFFA rəhbərliyi o pulu küçədən, ya da həyətlərindəki ağaclardan yığırlar?

O vəsaitə Azərbaycanın 15 rayonunda uşaq futbol məktəblərini düz 2 il ərzində maliyyələşdirmək olardı. O başqa məsələ ki, Azərbaycanın rayonlarında uşaq futbol məktəbələri yoxdur. Ona görə ki, onları yaratmaq üçün vəsait tapılmır.

Burada azərbaycanlı uşaqlar forma, top tapa bilmirlər, inventar üzünə həsrətdirlər, orda AFFA rəhbərliyi sərvətimizi əcnəbilərə verir. Həmişə də belə ediblər. Avvəlcə “kasıb” almanları yedirtdilər.

Sonra acından ölən xorvatların qarınlarını doydurdular. İndi də koronavirusun ən çox ziyan vurduğu italiyanları maliyyələşdirirlər. Bunun adı nədir? Əl tutmaq Əlidən qalıb? Yox, bunun adı korrupsiyadır, bunun adı xəyanətdir, bunun adı xalqın sərvətini talamaqdır.

FİFA və UEFA-da korrupsiya əməliyyatı aparılandan sonra dünyanın bütün ölkələrində futbol federasiyalarının rəhbərliyi dəyişdi, Azərbaycandan savayı.

İndi bu xalq neynəsin, bu talanın qarşısını necə alsın?

Hansısa kənddə icra nümayəndəsinin 20 manat pul mənimsəməsini görənlər bu boyda həngaməni görmürlər? AFFA-da korrupsiya əməliyyatını İsveçrə prokurorluğu aparmalıdır?

Ölkədə korrupsiyaya qarşı əməliyyat aparılırsa, günahkarlar cəzalandırılırsa, o əməliyyat ilk növbədə AFFA-da aparılmalıdır. 1,5 il ərzində italyanlara 5,4 milyonun nəyə görə veriləcəyi araşdırılmalıdır.

7 il ərzində almanlara sərf edilən 50 milyonun hansı nəticə verdiyi soruşulmalıdır. Xorvatlara xərclənən sərvətin hesab-kitabı istənilməlidir. AFFA korrupsiya yuvasıdır, öncə ordan başlamalı idi əməliyyat.

Natiq Muxtarlı

Xəbər Lenti