"Neftçi"nin prezidenti bir kapitanın əlində əsir-yesir qalıbsa…

10 Fevral 2020 11:48 Köşə 1 689
"Neftçi"nin prezidenti bir kapitanın əlində əsir-yesir qalıbsa…

«Neftçi»yə nəzər-zad dəyməyib. Necə varıydısa, elə də qalıb. Roberto Bordinin gedişindən sonra komanda 1 addım qabağa getməyib.

Hələlik isə yönətim eyforiyadadır. İtaliyalı baş məşqçidən qurtulmağın sevincini yaşamaqdadılar. Bu, onlara inanılmaz kimi görünür.

Yağışdan çıxıb, yağmura yaxalanmaqları günü bu gün də bu insanlara çatmır.

Əlindən və gözündən bir iş gəlməyən Kamran Quliyev zəifləmiş «Qarabağ»dan 1 xal alan futbolçularına yaxınlaşır, qucaqlayır, təbrik edir.

O yandan Füzuli Məmmədovun «Sumqayıt»la 1:1-ə görə oyunçularına təbriklərini canlı efir vasitəsilə çatdırması unudulmayıb hələ.

«Neftçi» Premyer Liqanın üçüncü dövrəsinin geridə qalan iki turunda 2 xal toplayıb. Prezidentin, yeni baş məşqçinin əldə olunan bu zəif göstəricini acgözlüklə gözünə təpməsi, təbii ki, həqiqi «Neftçi» tərəfdarlarının xoşuna gəlmir və gəlməyəcək də.

Azarkeş növbəti dəfə aldadılmasına, problemlərin Bordindən qaynaqlanmamasına bir daha əmin olub artıq. İtalyan yoxdu indi, amma ki, oyun da yoxdu yenə. Fasilədə dirilişdən bəhs edənlərin yeni ilin zəif startından utanmaması «Neftçi» fanatlarına hörmətsizlikdir.

Bu hörmətsizliyi yalnız Kamran Quliyev, Ceyhun Sultanov və digərləri etmir tərəfdara. Komandanın lideri olması şübhə doğuran Emin Mahmudov da «12-ci oyunçu»nu görməzdən gəlir.

Tribunadan ünvanlanan «Kapitan haradasan? Harada itib-batmısan?» şüar-sualından sonra gərək Emin çıxardı, üzr istəyərdi. O, ötən turda da analoji saymazyana hərəkəti ilə azarkeşləiri hiddətləndirmişdi.

Mahmudova səhvini anlatmayan, onu tərəfdarın önünə gətirə bilməyən klub rəhbərliyindən «Neftçi»ni layiq olduğu səviyyəyə çatdırmasınımı gözləyirsiz? Kapitanın öhdəsindən gəlməyən bu insanlarla uzağa gedilməz.

Cılız insanlardılar. «Neftçi» yalnız «Neftçi»nin böyüklüyünü dərk etməyənlərin əlində bugünə qala bilərdi və qalıb. Kamran Quliyevi qoyasan, havadarlarının əl-ayağını yusun, «Neftçi» fanatının çəkdiyi iztirab, yaşadığı hisslər onun nə umruna?

Tribuna adamının qəm-qüssəsi, qələbəsizlik məşəqqəti ona çatmır, çatmayacaq da. Çün bu klubun şinelindən çıxmayıb, yamaqdır ki, yamaqdır! «Neftçi»yə daraşmış «yad cisim»dir o.

SPORTİNFO.AZ

Xəbər Lenti