"Nə dəyişməlidir?" - cavab yoxdur, amma "nə dəyişməməlidir ki"?

4 Dekabr 2019 20:30 Köşə 1 211
"Nə dəyişməlidir?" - cavab yoxdur, amma "nə dəyişməməlidir ki"?

Azərbaycan millisi daha bir seçmə mərhəni təkcə qrupunun deyil, ümumən bütün yarışın ən zəiflərindən biri kimi başa vurdu. Deyiləcək çox söz yoxdur, çünki oyunla bağlı dilə gətiriləcək nəsə qalmayıb.

Ümid sonda ölər prinsipi ilə, heç olmazsa, qapını yaxşı bir nəticə və gələcəyə ilğım soraqlı nağılla başa vurmaq da olardı. Bunun üçün, səfərdə olsa belə, son nəfəsdə qarşılaşmaya cəsarət, cürət, inad və israrla çıxmaq lazım idi.

Bunu nə məşqçidən, nə də futbol oynamaq üçün meydana çıxan əksər top qovanlardan görmədik. İki debütanta şans verməklə, işini bitmiş sayan məşqçinin hələ ötən görüşdən əvvəl gəncləşdirmə ilə bağlı "bir əfsanə" söhbətinin bu dəfə heç yeri də deyildi.

Əgər bu gənclərə qorxaq futbol təlqin olunacaqsa, onda 24 il əvvələ – Avropa rəsmi futbol səhnəsində ilk sınaqlar dövrünün həyəcanlı anlarına qaytmağımız yada düşər və o halda əldə olunan indiki cəmi-cümlə bir xala görə kimisə qınamaq olmazdı. Amma üzərindən yeni nəsillər yetişdirilməli olan onilliklər keçib.

Baş məşqçi itiriləsi bir şey də qalmadığı halda futbolçulara güvənib, parlaq və açıq futbol oynaya bilərdi. Əvəzində əvvəlcə bir xalı, matçın sonrakı gedişində isə minimal hesablı məğlubiyyəti qorumağa yönəlmiş tərzin cəzası ağır ola bilərdi, əgər rəqib elə həmin imkanı şişirdilmiş Slovakiya olmasaydı.

Bu seçmə mərhələdə obyektiv olaraq, millinin ən yaxşısı seçilmiş Ramil Şeydayev istisna olmaqla, heç olmazsa, şəxsi imicini qorumağa çalışan bir futbolçu da görmədik.

Əlbəttə, birnəfərlik siyahıya, zorən ikincini də əlavə etmək məcburiyyəti yaransa, son oyunlarda etimad göstərilən Bəhlul Mustafazadəni əlavə edə bilərik. Bunların bir izahı var: Ramil ölkə xaricində özünü göstərmək üçün səylə çalışır və istəyi də yüksək səviyyədə oynamaqdır.

Əlbəttə, qrupu mürəkkəb saymaq olar, lakin bu yarışı cəmi 1 xalla, o da qrup favoritinin səhlənkarlığından hədiyyəsi ilə başa vurmaq absurddur. Yəni qalan rəqiblərdən heç olmazsa, birindən xal qoparılmalı idi.

Yarışın əvvəlinə diqqətlə baxsaq, hər üç rəqib əlçatan idi və ünyetməz deyildi, əksinə, zərbələr vurmaq üçün ən münasib durumda idilər.

Lakin hər dəfə özünə və məşqçiyə haqq qazandırmaq cəhdlərinin sonu belə də olmalı idi. Belədə milli komanda ilə bağlı «niyə» və «nədən» suallarının da yeri qalmayıb.

Çünki bu gəldi-gedər məşqçilər kimi, yerli miqyasda qalıb, böyüməyə can atmayan, xəyalları olmayan və görünən odur ki, bu gedişlə olmayacaq - yalançı dəyər verilmiş və ya süni şəkildə şişirdilmiş futbolçular dərnəyinə zorən və həqiqi istedadlar gətirilməyincə belə də olacaq.

Məşqçinin həqiqi uğuru məhz bu istedadlar olar bidərdi. Ona görə də gəncləşmə imici hələlik inandırıcı görünməyən və yalnız statistik yaş göstəricisindən başqa bir şey deyil.

İlğım sözünün mənasını isə hər kəs bilir: təxəyyülün gücü, ürək yanğısının, fiziki taqətsizliyin psixikaya diktə etdiyi və reallıqlardan çox-çox uzaq xam xəyal.

Bütün bunların bir yekunu var: nə qədər ki, məşqçi normal şərtlər və tələblər daxilində seçilməyəcək, nə qədər ki, məşqçi obyektiv, arayıb-axtardığı kadrları (hətta zəif olsalar belə) seçməyincə, dəyişən çox şey olmayacaq.

Nisbi uğurlar da bunu dəyişməyəcək. Yadınızdadırsa, Foqts gətiriləndə, hədəf 2020-ci il idi. Bu da həmin hədəfin son göstəricisi: 1 xal və ötən illərin müqayisəli zəminində tarixin ən zəif nəticəsi.

"Nə dəyişməlidir?" - cavab yoxdur, çünki cavabdan yalnız sual doğur – "Nə dəyişməməlidir ki?"

BATI YAR

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!