
“Neftçi” rəhbərliyinin klubun maliyyə dayaqlarını gücləndirmək yolunda fəaliyyəti davam etməkdədir.
Sevindirici haldır ki, bu yöndə görülən işlər müsbət nəticə vernməkdədir.
Son olaraq Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən müstəqil sərvət fondu və investisiya holdinq şirkəti olan ADQ arasında 3 illik sponsorluq müqaviləsi imzalanıb.
Razılaşmaya əsasən, “ağ-qaralar”ın rəsmi oyun formaları və satışa çıxarılacaq fan məhsullarının sol qolunda ADQ-nin loqosu yer alacaq.
Bu əməkdaşlıq “Neftçi”nin beynəlxalq miqyasda güclənmək, daha geniş auditoriyaya çatmaq və uzunmüddətli dəyərlər yaratmaq məqsədi ilə atdığı əhəmiyyətli addımlardan biridir.
2018-ci ildə “Abu Dhabi Developmental Holding Company PJSC” adı altında yaradılmış, 2020-ci ildə ADQ adını almış qurum Əbu-Dabi hökumətinin strateji tərəfdaşı kimi çıxış edir.
ADQ enerji, kommunal xidmətlər, qida və kənd təsərrüfatı, səhiyyə, mobillik və logistika kimi mühüm sektorlar üzrə investisiyalar həyata keçirir.
Yayılan xəbərlərə görə, paytaxt təmsilçisi ərəblərlə işbirliyindən böyük miqdarda gəlir əldə edəcək. Həmin vəsaitin 9 milyon avronu aşdığı iddia olunur.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı bu barədə Sportinfo.az-a aşağıdakıları söyləyib:
”Bu informasiya konfidensialdır. Kommersiya sirridir, ona görə də rəqəm açıqlamağı düzgün saymırıq”.