Kamandan oxatma üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən Azərbaycan birinciliyi iyulda təşkil olunacaq Avropa çempionatına seçim xarakteri daşıyır.
Sportinfo.az xəbər verir ki bunu jurnalistlərə açıqlamasında Azərbaycanın kamandan oxatma millisinin məşqçisi Fuad Allahverdiyev deyib.
Mütəxəssis Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan turnirin əsas məqsədini və hazırlıq planlarını açıqlayıb:
"Əsas məqsəd aşağı yaş qruplarının inkişafını təmin etməkdir. Bu yarış iyulda keçiriləcək gənclərin Avropa çempionatına həm də seçim xarakteri daşıyır.
Turnirin nəticələrinə əsasən, Azərbaycanın yığması müəyyənləşəcək və təlim-məşq toplanışına göndəriləcək. Daha sonra isə idmançıların həmin yarışda iştirakı nəzərdə tutulub".
49 idmançının 40, 60 və 70 metr məsafələrdə mübarizə aparacağı ölkə birinciliyinə iyunun 2-də yekun vurulacaq.

