Karyerasını başa vurdu, “Qarabağ”ın və Qurban Qurbanovun adını çəkmədi - FOTO

21:20 Qarabağ 282
Karyerasını başa vurdu, “Qarabağ”ın və Qurban Qurbanovun adını çəkmədi - FOTO

Vild-Donald Gerye futbolçu karyerasını başa vurub. 37 yaşlı solaxay bu barədə özünün “instagram” hesabında məlumat verib.

Haiti millisinin küçmiş üzvü etdiyi paylaşımda 2009-2026-cı illərə təsadüf edən karyerası barədə qısa təəssürat yazıb.

Avropada ilk klubu olan“Visla”nı (Krakov) xüsusi şəkildə qeyd edib. Həmçinin, onu Polşaya dəvət edən Franek Smudaya təşəkkürünü bildirib.

Lakin ona Çempionlar Liqasının qrup mərhələsində oynamaq təcrübəsi qazandıran və ölkə çempionu olmaq sevincini yaşadan klubun – “Qarabağ”ın və baş məşqçinin Qurban Qurbanovun adını çəkməyib.

“Bu gün 2009-cu ildə “Violette AC” ilə başlayan inanılmaz bir səyahəti xatırlayıram.

2012-ci ildə Amerika des Kayes şəhərinə köçdüm və 2013-cü ildə “Visla Krakov”la birlikdə Avropada daha böyük bir səhnədə xəyalımı gerçəkləşdirmək üçün Haitidən ayrıldım. Hər şey həqiqətən də yaxşılığa doğru dəyişməyə başladı.

Bu gün oyunçu karyerama vida etməyin vaxtı gəldi. Bu, həyatımın ən çətin qərarlarından biri oldu. Amma bunu böyük minnətdarlıq və qürurla edirəm.

Hər şeydən əvvəl mərhum Franek Smudaya xüsusi hörmətimi bildirmək istərdim. O, mənə inanan, məni Avropaya gətirən və istedadımı “Visla Krakov”da nümayiş etdirmək imkanı verən insan idi.

Onun etimadı və dəstəyi olmasaydı, karyeram çox fərqli ola bilərdi. Artıq aramızda olmasa da, mənim və karyeram üçün etdiyinə görə həmişə minnətdar olacağam. Təşəkkür edirəm, məşqçi. Həyatıma təsiriniz heç vaxt unudulmayacaq.

Mənə böyümək, mübarizə aparmaq və xəyalımı yaşamaq imkanı verən hər bir kluba təşəkkür etmək istəyirəm”.

Gerye karyerası ərzində Polşa, Türkiyə, Azərbaycan, Kipr, Litva və Almaniyada legioner həyatı yaşayıb.

Ölkəmizdə “Qarabağ”la yanaşı, “Neftçi” və “Zirə”nin formasını geyinib, iki dəfə Azərbaycan çempionu adını qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti