Premyer Liqada qalmaq tapşırığının öhdəsindən son anda gələn “Qəbələ”də dəyişikliklər qaçılmazdır.
Bölgə təmsilçisi 3 futbolçu ilə yolların ayrıldığını bəyan edib. Klubla müqaviləsi başa çatan İbrahima Sanqare, Rüfət Əhmədov və Turan Manafovla yollar ayrılıb.
Sambu Sissoko və Rza Cəfərovun da icarə müqaviləsi başa çatdığından növbəti mövsümdə “qırmızı-qaralar”ın sıralarında olmayacaqlar.
Hazırda əsas söhbət mövzusu komandanın aparıcı simalarından olan Adriel Ba Lua ilə müqavilənin yenilənməsidir.
Fili Dişi Sahilindən olan solaxaya başqa ölkələrdən təkliflərin olması “Qəbələ”də qalmaq şansını azaldır.
Azərbaycanda uğurlu mövsüm keçirən 29 yaşlı yarımmüdafiəçi daha yaxşı qazanmaq niyyəti ilə buradan ayrılmağı düşünür.
“Qəbələ” Ba Luanı saxlamaq üçün yeni sözləşmə üçün ötən mövsüm aldığı maaşın azı yarısı qədər artırmalıdır. Bu isə klubun imkanlarını aşır.
Odur ki, qəbələli azarkeşlərin sevimlisinin növbəti mövsümdə qırmızı-qara formanı geyinəcəyi inandırıcı görünmür.
Adriel ötən mövsüm “Qəbələ”nin heyətində 30-u Premyer Liqada, 4-ü Azərbaycan kubokunda olmaqla meydana çıxdığı 34 matçda 4 qol vurub, 12 məhsuldar ötürmənin müəllifi olub.
HƏBİB / SPORTİNFO.AZ

