AFFA-nın “həvəskar” təbliğatı

27 Oktyabr 2021 13:00 Köşə 914
AFFA-nın “həvəskar” təbliğatı

Bilmirəm, fikir veribsiniz, ya yox, AFFA son zamanlar bütün resurslarını Region Liqasının təbliğatına yönəldib.

Təzə xəbərləri ondan ibarətdir ki, 2022/2023 mövsümündən Region Liqasında Şuşa və Ağdamın komandaları da çıxış edəcəklər.

Region Liqası həvəskar statusdadır. Digər ölkələrdə də həvəskarlar arasında çempionat keçirilir.

Amma o çempionatlarda kənd və qəsəbə komandaları çıxış edirlər. AFFA isə Azərbaycanın böyük rayonlarının komandalarına həvəskarlar liqasında oynamağa icazə verir. Nə böyük lütf. Nə böyük qayğı.

Buna AFFA-nın saman çöpündən yapışması da demək olar. Son vaxtlar AFFA ətrafında halqa daralır. Hər kəs Azərbaycanda Bakı çempionatının keçirildiyini iddia edir.

Hər kəs problemi görür və həll yolunu da göstərir: Futbolun inkişafı onun bölgələrə yayılmasından, məhz rayonlarda infrastrukturun qurulmasından keçir.

Amma AFFA futbolu bölgələrə yaya, rayonlarda infrastruktur qura bilmir. Nöşün ki, bölgələrdə futbolu, infrastrukturu elə özləri dağıdıblar. İndi isə ictimai qınağın pik həddə yüksəldiyini görüb həvəskar liqanın quyruğundan yapışıblar.

Maraqlıdır, Şuşa və Ağdamın həvəskar komandaları oyunlarını harada keçirəcəklər. Bakıda? Başqa variant varmı? Bəlkə AFFA Region Liqasını da Bakı liqasına çevirmək niyyətindədir? Niyə də yox?

Bir də ki, hələ iddia etmək olmaz ki, 2022-2023 mövsümündə Şuşa və Ağdamın komandaları həvəskarlar liqasında oynayacaqlar. Məsələn, AFFA-da oturan “istedadlı dələduzlar”ın dilindən bu deyimin düşmədiyi də bəllidir: “O vaxta qədər ya ağa ölər, ya nökər”.

Büdcəsi, ərazisi və əhalisi Azərbaycandan qat-qat az və kiçik olan ölkələrdə bir neçə peşəkar liqa var. AFFA külli miqdarda vəsaitlə bir düz-əməlli birinci dəstə də formalaşdıra bilməyib. Elitada da vur-tut 8 komanda. Onun da 7-si Bakı təmsilçisi.

Hələ ki, ictimai qınaq yüksəlir. Buna qarşı tədbir görülməlidir. Həvəskar AFFA-nın həvəskar tədbiri başlayıb. Və AFFA böyük şövqlə həvəskarlar liqasının təbliğatını aparır.

Azərbaycanda futbolun populyarlığını artırmağın, bu oyunu bölgələrə yaymağın yolunu belə görür. Və o həvəskarları da özü maliyyələşdirəcək. Pul “yumaq” üçün kiçik və sakit “moyka”.

2022/2023 mövsümündə Şuşanın və Ağdamın komandaları həvəskarlar liqasında oynayacaqlar. Gözümüz aydın.

Natiq Muxtarlı

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"