Bu futbolçular De Byaziyə sübut etdi ki…

5 Sentyabr 2021 09:40 Köşə 1 834
Bu futbolçular De Byaziyə sübut etdi ki…

Futbol oynaya bilirik.

Dünən bunu yalnız irlandlara nümayiş etdirmədik.

Canni De Byaziyə də sübuta yetirdik. Əsas elə o idi.

Lüksemburqdan sonra deməmişdi ki, məğlubiyyətin səbəbi futbolçuların ilk dəqiqələrdən istəksiz olması idi?

Hə, bəs sonra nə oldu? O oldu ki, qrupu ikinci-üçüncü pillədə bitirməyə əsas namizəd olan irlandlardan Dublində xal aldıq.

Bu, həmin De Byazidir ki, İtaliya mətbuatına verdiyi müsahibədə çalışdırdığı Azərbaycan millisini A qrupunun aşkar autsayderi adlandırmış, heç bir rəqibə qalib gələcək gücə malik olduqlarını iddia etmişdi.

Bir baş məşqçi hər gün gördüyü, görüşdüyü, hazırlıq keçdiyi futbolçulara inanmırsa, onlara etimad göstərmirsə, daha heç zad!

Emin Mahmudov dünən yalnız Dublini silkələmədi. Onun vurduğu möhtəşəm qol De Byaziyə növbəti cavab idi.

Oyunun həm əvvəli, həm də ortası italyana etiraz idi. Sonda yenə qalib gələ bilmədik və bu da De Byazinin passivinə yazılmalıdır.

Komandasının potensialına inanan baş məşqçi primitiv futbol sərgiləyən ev sahiblərinə bu cür səxavətli münasibət bəsləməzdi – 11 nəfərin 11-i də «geri çəkilin» əmrinə müntəzir oldu.

Amma deyir, mən komandama heç vaxt müdafiə olunmaq tapşırığı vermirəm. Ay yalansa…

Xəzər Hikmət

Xəbər Lenti