Mahir Emrelinin acı etirafı

30 Avqust 2021 11:40 Köşə 2 410
Mahir Emrelinin acı etirafı

“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Mahir Emreli ilə söhbətinin bəzi detallarını açıqlayıb.

Bu kiçik açıqlama da Azərbaycanda uşaq futbolunun hansı durumda olduğunu göstərir.

Bilirəm, xeyli əbləh tapılacaq ki, buna görə Mahir Emrelini qınayacaq. Amma əbləhlərin dediklərinə fikir verməli olsaq, inkişaf olmayacaq. İndilikdə Mahirin dediklərinə diqqət etmək lazımdır.

Mahir məşqçisinə deyib ki, əgər 12 yaşında “Legiya”nın futbol Akademiyasına düşsəydi, bəzi vərdişləri mənimsəmiş olardı.

Deməli, Mahir Polşaya gedəndən sonra bilib ki, ona uşaq futbolunda öyrədilməli olan bəzi vərdişləri bilmir.

Bilməməyin günahı isə Mahirdə deyil. Onu belə öyrədiblər. Həqiqəti demir? Həqiqəti deyir. Elə bizim illərdir dediyimizi deyir Mahir.

Azərbaycanda əsas problem uşaq futbolundadır. İnfrastrukturdan tutmuş kadr potensialına qədər.

Uşaq futbolunda çalışanların əksəriyyəti nəinki müasir futbolun incəliklərini bilirlər, ümumiyyətlə, uşaqla adi rəftar qaydalarından belə xəbərsizdirlər.

Bir dəstə adam hansı yollasa lisenziya alıb və uşaqların valideynlərinin verdiyi vəsaitə göz dikərək, min oyundan çıxırlar.

Topdur, atırlar uşaqların qarşısına, onlar da qaçırlar o tərəfə, bu tərəfə. Hətta valideyni pul verməyən uşaqların qarşısına top da atmırlar, onları meydanda boş-boş qaçmaqdan da məhrum edirlər.

Azərbaycanda ilk növbədə uşaq futbolunda kadr yetişdirilməli idi. Almaniyadan milli komandaya məşqçi yox, uşaq futbolu üçün kadr gətirilməli idi.

Hər hansı uşaq məşqçisinin xaricdə təcrübəyə göndərildiyindən xəbərdarsınız?. Mən bilirəm ki, kimlərsə, belə təcrübə proqramlarına, seminarlara katibələrini göndəriblər.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycandan gedəndə təxminə belə demişdi: “Azərbaycanlı futbolçulara uşaq futbolunda öyrənməli olduqlarını aşılamaqla məşğul idim”.

“Legiya”nın baş məşqçisi də eyni sözü deyib. Mahir istedadlı futbolçudur. Amma hazırda ona uşaq futbolunda öyrədilməyənləri öyrətmək məcburiyyətindədir.

Bu, Mixneviç üçün də əlavə əzabdır, Mahir üçün. Bəs günahkar kimdir? Nə Mixneviçdir, nə də Mahir.

Baxmayaraq ki, “istedadlı dələduzlar” göstəriş versə, xeyli əbləh məhz onları ittiham edəcək. Əsas problemdən diqqəti yayındırmaq üçün.

Natiq Muxtarlı

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda