Pis məşqçi deyil, amma... "Neftçi"ni çempion edib getməkdən yaxşı cv-i?

27 Avqust 2021 21:20 Köşə 2 606
Pis məşqçi deyil, amma... "Neftçi"ni çempion edib getməkdən yaxşı cv-i?

"Neftçi" Konfrans Liqasının pley-off mərhələsində "Makkabi"yə 0:4 uduzaraq, avrokuboklara biabırçı şəkildə vida etdi.

Məhz bu nəticədən sonra ictimaiyyətdə müzakirələr qızışıb.

Futbol camiəsi günahkar axtarışına çıxıb. Əksəriyyət haqqlı olaraq rəhbərliyi qınayır. Bəs çempionluq üçün alqış qazanan baş məşqçi Samir Abasovun uğursuzluqda günahı nə qədərdi? Olmuya o günahsızdı?

Mənə görə Samir Abasov pis məşqçi deyil. Ən azı Azərbaycan reallığında öz dəsti xətti, sistemi olan birisidir. Amma bu sadaladıqlarım həm də yaxşı məşqçidir deməyə yetərli deyil.

Yaxşı məşqçinin çalışdığı yerdə yaxşı da "çəkisi" olmalıdır. Samir Abasovun "Neftçi"də belə bir çəkisi varmı? Məncə cavab birmənalı olaraq yoxdur!

Ötən mövsümün ortasında "Neftçi"yə gələn Samir Abasov pis vəziyyətdə olan komandanı çempionluğa kimi daşıya bildi. Adətən uğur qazanan məşqçinin həm də dili "uzun" olur. Amma eyni halı Abasovda görə bildikmi? Qəti!

Mövsüm bitər-bitməz xeyli sayda oyunçu "Neftçi"ni tərk etdi. Əvəzində Harramiz, Xəyal Nəcəfov və Meza Kolli səviyyəsində futbolçular komandaya transfer edildi.

Gənc mütəxəssis oturub-durub deyir ki, istədiyimiz transferlərin hamısını edə bilmədik. Heyət avrokuboklar üçün yetərli deyil. Əvvəla Abasov istəyib edə bilmədikləri yox, istəyib etdiyi transferlərə baxaq. Hansı özünü yaxşı tərəfdən göstərməyi bacardı? Heç biri!

İndi gələk əsas məsələyə. Ki, komandaya niyə transfer edilmir? Anladıq, rəhbərlik lazım olan dəstəyi Abasova vermədi. Bəs Abasov bunun qarşılığında nə etdi? Heç nə!

Nə edə bilərdi? Çox şey!

Yumuşaq dildə desək rəhbərlik qarşısında "ya istədiyim oyunçular alınacaq, ya da bu heyətlə yola davam etmirəm" şərti qoyula bilərdi. Rəhbərlik qarşısındakı məşqçinin ciddiyətini, qətiyyətini görüb, geriyə (normalda irəli) addım atmağa məcbur olacaqdı.

Əksini etmək, Abasovu istefaya göndərmək demək idi. Sizcə, 7 ildən sonra komandanı çempion edən məşqçini belə asanlıqla istefaya göndərmək mümkün idi? Məncə, yox!

Lap istefaya göndərilsə belə qazanan Abasov, itirən isə "Neftçi" olacaqdı. "Neftçi"ni çempion edib getməkdən yaxşı cv-i?

Amma Abasov hər şeyə rəğmən oturduğu kreslodan möhkəm yapışmağı üstün tutdu. Bunun da nəticəsini İsraildə gördük.

Mətbuat konfranslarında başını dik görməyə alışdığımız məşqçi simasını gizlətməyə yer axtarırdı.

Bəli, "Neftçi" böyük klubdu, amma bəzən böyük klublardan gedənlər də itirmir, qazanır!

Xanoğlan İmanov

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"