17 yaşlı azərbaycanlı istedadı necə və niyə məhv ediblər?

23 Avqust 2021 17:20 Köşə 1 790
17 yaşlı azərbaycanlı istedadı necə və niyə məhv ediblər?

Azərbaycanda uşaq futbolunun bərbad durumda olduğunu deməklə, kimsə yeni nə isə kəşf etmir.

Bunun belə olduğu hər kəsə bəllidir, amma tədbir görən də yoxdur.

Ona görə ki, durumun belə olması elə tədbir görməli olan adamlara sərfəlidir. Daha doğrusu, belə durumu elə tədbir görməli olan adamların özləri yaradıblar. Korrupsiya və rüşvət bataqlığı.

Yalan olmasın, 15 ildir ki, bu problemdən yazırıq. Amma nə fayda...

Bizə inanmırsınızsa, buyurun, mütəxəssisin dediklərini oxuyun. Veteran futbolçu, sabiq hakim Asif Namazov “Futbol+” qəzetinə verdiyi müsahibədə uşaq futbolundakı korrupsiyadan da danışıb.

Sual: Uzun illərdi futbolla vidalaşıbsınız. Darıxdığınız, geri dönmək istədiyiniz an olub?

Cavab: Bəli, istəmişəm. Dəfələrlə təkliflər olub. Hətta bir dəfə razılaşdım. Gülməli bir hal yaranmışdı.

Elə oldu ki, istedadlı futbolçuları tapıb komandaya cəlb etmək üçün mənə 3 ay vaxt verdilər. Mən də təcrübəmdən istifadə edərək məktəbləri gəzirdim və orada yoxlama məşqləri keçirdim.

Tapdığım istedadlı uşaqları ya AFFA-ya, ya da klublara təqdim etməli idim. Çox istedadlı, 17 yaşlı bir uşaq tapdım. Onunla çoxlu məşq etdik.

Sürətli və texnikalı idi. Onu 60 uşağın arasından seçmişdim. Bu gənc istedadı “İnter”ə (indiki “Keşlə) təqdim etdim. Baş məşqçi dedi ki, mən də görürəm ki, bu uşaq çox istedadlıdır.

Amma onu komandaya götürmək üçün gərək kimisə heyətdən çıxardım. Mən heç kimi çıxarda bilmərəm, onlar mənim yanımda 5-6 ildir məşq edirlər.

Bax, belə beyinsiz, düşüncəsiz məşqilərin əlində qalıb Azərbaycanda uşaq futbolçu. Onlar da AFFA və klublarda olan “çox istedadlı dələduzlar”ın kadrlarıdır.

Onlara belə rüşvətxor, istedadsız, savadsız məşqçilər gərəkdir. O məşqçi 5-6 il yanında olan uşaqların hamısından rüşvət alırmış.

Bu, birmənalıdır. Onu Azərbaycan futbolu, istedadlı gəncin gələcəyi düşündürmür. Onu “bir tikə çörək” düşündürür. Bir tikə çörəyi də ləyaqətini sataraq, istedadsız uşaqların valideynlərinin əlindən qapır.

Və beləcə, istedadlar məhv olur, istedadsızlar isə klublara yol tapırlar. Belə sistemdə belə də futbol olmalıdır - Azərbaycan futbolu. Amma bu, gülməli yox, ağlamalı durumdur.

O uşağın axırı necə oldu? Asif Namazov belə deyib: “Küsdü və futboldan birdəfəlik uzaqlaşdı. Mən də həmin hadisədən sonra yenidən çalışmaq istəmədim”.

Başqa sözə, şərhə ehtiyac duyursunuz?

Natiq Muxtarlı

Xəbər Lenti