Rəşad Sadıqov bezərsə...

23 Avqust 2021 14:00 Köşə 1 732
Rəşad Sadıqov bezərsə...

Futbolçu kimi yaxşı karyerası ilə yaddaşlarda qalan Rəşad Sadıqovun məşqçilik karyerası haqqında eyni şeyləri demək hələ tezdir.

Gənc mütəxəssisin çalışdırdığı ilk peşəkar klub olan "Zirə"də işləri yaxşı getmir.

Komandanın göstərdi oyun ürəkaçan deyil. İki mövsümdü başına keçdiyi kollektivdə onun rəhbərliyi altında görmək istədiyimiz komandanı görə bilmirik.

Yəqin ki, Sadıqov özü də çalışdırdığı komandanın istənilən səviyyəyə çatmadığının fərqindədir. Amma bu yolda işlər gedir. Gec ya tez sanballı "Zirə" görəcəyimizə ümidlər hələ da var.

Amma "Zirə"nin problemi təkcə heyət, nəticələr və ya oyunla bağlı da deyil. Bu, həm də "Zirə"yə, daha dəqiqi onun baş məşqçisi Rəşad Sadıqova qarşı oynanılan "oyun"la bağlıdır.

Nə hikmətdisə, məhz Rəşad Sadıqovun "Zirə"yə təyinatından sonra hakim səhvləri klubu dörd bir yandan əhatəyə alıb. Paytaxt klubunun gah təmiz qol sayılmır, gah da təmiz penalı verilmir.

Ötən mövsüm bu tur düzələr, gələn tur düzələr ümidi ilə başa çatdırıldı. Yeni mövsüm eyni hallar yaşanmaz deyə düşündük. Amma görünən odur ki, köhnə hamam, köhnə tasdı.

İlk turda Təmkil Xəlilzadənin "Qarabağ"ın qapısına vurduğu təmiz qol hesaba alınmadı. Halbu ki, həmin qol qələbənin təminatçısı ola bilərdi.

Dünən baş tutan ikinci turun "Neftçi" ilə oyununda isə "Zirə"nin təmiz penalı verilmədi. Top açıq-aşkar Romen Baskın əlinə dəysə də hakim başqa şey gördü və davam qərarı verdi. Kim təminat verə bilər ki, həmin penal verilsə belə, "Zirə" qələbə qazana bilməyəcəkdi?

Bu hələ konkret nəticəyə birbaşa təsir edən qərarlardı. Verilən lazımsız sarı vərəqələr, edilən xəbərdarlıqları xırda detallar sayıb üstündən keçirik. Amma xırdalığa getsək bir komandanı sındırmağın yolu elə o xırda detallardan keçir.

Artıq Rəşad Sadıqov da hakim qərarlarında bezib. Bunu biz yox, gənc mütəxəssis özü mətbuat konfransında dilə gətirib. Onun kimi adam bezibsə, görün indi futbolçular hansı durumdadı...

"Oyun" aparanların da elə ən ümdə məqsədi budur - Rəşad Sadıqov bezsin, yorulsun və sonda "mənlik deyil deyib" kənara çəkilsin. Axı bununla futbolumuz nə qazancaq? Heç nə! Halbu ki, dəstək də yox, haqqına girilməsə gənc mütəxəssis bu gün yeyilən haqqını yox, 6 xalla ilk pillədəki yerini qorumaq haqqında düşünəcəkdi.

İstənilən halda Rəşad Sadıqov bezməməlidir. Tanıdığımız inadkarlığı və mübarizəsi ilə yola davam etməlidir. Eynən futbolçu karyerasında olduğu kimi.

Hazırkı vəziyyət ona yadd deyil. Axı futbolçu kimi də ona qarşı belə "oyun" oynayanlar olmuşdu. Sadəcə dəyişən zaman və rollardı. Sən isə dəyişmə, Rəşad Sadıqov. Futbolçu kimi göstərdiyin qətiyyəti, mübarizə əzmini məşqçi kimi davam etdir. Ki, istədiyimiz və gözlədiyimiz məşqçi Rəşad Sadıqovu da görə bilək.

Xanoğlan İmanov

Xəbər Lenti