17 dəqiqəlik “Neftçi”, 3 fərqli sima, Abasovun xətası

20 Avqust 2021 17:40 Köşə 1 596
17 dəqiqəlik “Neftçi”, 3 fərqli sima, Abasovun xətası

“Neftçi” dünən 3 dəfə fərqli sima aldı.

İlk hissə bir başqa. Üç qola imza atdığı bölüm tam başqa. Bir də İsmayıl Zülfüqarlının qırmızı vərəqə alandan sonrakı dəqiqələr.

Bir-birinə daban-dabana zidd olan oyun elementlərini “Neftçi” 90 dəqiqəyə sığdırdı.

Fasiləyədək heç nə ilə yadda qalmadılar. Komandanın 11 nəfəri də sönük və yarımcan təsir bağşladı. Bu süstlüyü Sabir Buqrinin ara-sıra uzaq məsafədən qapya endirdiyi zərbələr də aradan qaldrmadı.

Futbolçular hansı məqsədlə meydana çıxdıqlarını sanki unutmuşdu: nə normal oyun planı var idi, nə ruh, nə də başqa şeylər. Sadəcə, “Makkabi”li qonaqların yan-yörələrində dolaşırdılar.

İkinci hissədə “Neftçi” tamamilə dəyişdi. Elə bil, 12-13 dəqiqə əvvəlki komanda deyildi.

Artıq rollar dəyişmişdi, indi “Makkabi” miskin, aciz və ruhsuz görünürdü.

Bu period 17-22 dəqiqəarası davam etdi. Və “Neftçi” Yusuf Lavalın öncə möhtəşəm qolu, ardınca uzungedişli taktiki həmləni məntiqi sonluğa çatdırması, daha sonra Emin Mahmudova məhsuldar ötürmə verməsi ilə göz doldurdu.

Bax, bu, arzuladığımız, həsrətini iplə çəkdiyimiz “Neftçi” idi!

Bakılı futbolçular cari avrokubok sezonunda belə gözəl futbol sərgiləməmişdi. Nə “Dinamo”, nə “Olimpiakos”, nə də HİK-lə qarşlaşmalarda.

Həmin bu 17-22 dəqiqə arasında nümayiş etdirilən oyun bir başqa, əsl “Neftçi”yə layiq idi.

Təəssüf ki, Samir Abasov matçın ən həssas bölümündə oyuna müdaxilə etmədi, bu barədə heç düşünmədi də.

İlk hissədə sarı vərəqə alan İsmayıl Zülfüqarlını artıq ehtiyata çəkmək olardı, baş məşqçi nədənsə bu gəncin təcrübəsizliyinin son dəqiqələrdə ümumi axarı dəyişə biləcəyini nəzərə almadı.

İsmayıl ikinci “sarı”dan qırmızı vərəqə görüncə, o, hələ də qələbənin əldən gedəcəyinə inanmırdı.

Cərimə zərbəsi ilə gələn qol, son saniyələrdə isə müdafiədə yol verilən boşluq status-kvonu bərpa edəsən - bütün bunları müşahidə edəndən sonra daha nə deyəsən…

Yenə də çox təəssüf!

Xəzər Hikmət

Xəbər Lenti