Belə görünmək nəyə lazımdır, Samir Abasov?

16 Avqust 2021 21:00 Köşə 1 707
Belə görünmək nəyə lazımdır, Samir Abasov?

Son çempion "Neftçi" Azərbaycan Premyer Liqasına uğursuz start verdi.

Komanda doğma meydanda "Qəbələ" ilə bacarmadı.

Samir Abasovun yetirmələri 2 dəfə hesabda önə çıxsa da üstünlüyünü qoruyub, saxlaya bilmədi. Hətta son dəqiqələrdə gənc qapıçı Kamran İbrahimovun seyvi olmasaydı, hətta "Qəbələ" qələbə də qazana bilərdi.

O "Qəbələ" ki, pulsuzluqdan təlim-məşq toplanışına təyin olunan vaxtda başlaya bilməmişdi.

Hazırlığı Antalyada yox, böyükşorda keçmişdi.

Bəzi yoldaşlıq görüşlərinə 11 nəfərlik əsas heyəti düzəltməkdə çətinlik çəkmişdi.

Dünən meydana çıxan əcnəbilər son 5-10 gündə komandaya qoşulmuşdu.

Müqayisə üçün belə misallar o qədər saymaq olar ki ...

Amma faydası varmı?

Bütün bunların fonunda Samir Abasov yenə mətbuat konfransında bədbin, narazı, etirazçı obrazında oturmuşdu.

Heyətin kasadlığını, yorğunluğunu avrokuboklarda başa düşmək olar, amma "n" qədər problemlə qarşına çıxan "Qəbələ" ilə oyundan sonra yox axı.

Bu məntiqlə gərək Elmar Baxşıyev dünyanı dağıda. Amma gənc həmkarın başını aşağı salıb, bu qədər çətinliklərin içində "hər şey daha da yaxşı olacaq" deyir.

Hörmətli Samir müəllim sizdən də "hər şey yaxşı olacaq" kəliməsini ummuruq. Bu rəhbərliklə "Neftçi"də hər şeyin yaxşı olacağına heç ən pozitiv azarkeş də inanmır.

Amma ən azından heç olmsa "Qəbələ" ilə oyundan sonra özünüzü, "Neftçi"ni bu qədər aciz, cılız, yazıq obrazından göstərməyin. Ki, bu nə sizə, nə də təmsil etdiyiniz komandaya yaraşmır!

Xanoğlan İmanov

Xəbər Lenti