"Neftçi"nin "Namiq-Namiq" oyunu

15 Avqust 2021 10:40 Köşə 2 047
"Neftçi"nin "Namiq-Namiq" oyunu

Müsbətli-mənfili bütün müzakirələrə rəğmən Namiq Ələsgərovun "Bursaspor"a transferi rəsmiləşdi.

Rəsmiləşməməsi üçün mücadilə edən hər kəs "pas" oldu.

"Neftçi" rəhbərliyi isə dirəniş göstərməyə davam edir. Hər halda rəsmi müqavilənin imzalanmasından sonra klubun "Neftçi” PFK, futbolçumuz Namik Ələskərovla bağlı “Bursaspor”un rəsmi müqavilə imzalanması ilə bağlı verdiyi elanla artıq tanışdır.

Hesab edirik ki, futbolçumuz heç bir əsas olmadan klubu ilə birtərəfli şəkildə müqaviləyə xitam verib.

Bunu əsas alaraq “Neftçi” PFK futbolçusu Namik Ələskərova və müqavilə imzaladığı Türkiyə klubuna qarşı gecikmədən hüquqi proseslərin başlanması ilə əlaqədar vəkillərə tapşırıq verib" məlumatını yaymasının başqa izahı yoxdur.

Ümumiyyətlə, "Neftçi" rəhbərliyi nəyin davasını aparır?

Əvvəla bildiyimiz qədərilə "Bursaspor" rəsmi olaraq "Neftçi" futbol klubuna Namiq Ələsgərovla bağlı bildiriş göndərib. Məhz bundan sonra Namiq getmək istəyini klub rəhbərliyinə bildirib. Amma gözləmədiyi "yox" cavabı ilə qarşılaşıb.

Gələk sərbəst qalma məbləği söhbətinə. Namiq Ələsgərov sərbəst qalma məbləğini şəxsən özü ödəyib. Əgər bu ödəniş olmayıbsa, Namiq hansı ağılla Türkiyəyə gedib, müqavilə bağlayıb və məşqlərə çıxıb? Sizcə, belə bir şey mümkündür? Məncə, mümkün versiya deyil.

Deməli, sərbəst qalma məbləği ödənib və lazım olan sənədlər "Neftçi" rəhbərliyinə təqdim edilib.

Gələk ən pis varianta.

Tutaq ki, Namiq Ələsgərov "Neftçi"yə hörmətsizlik edib və klubdan xəbərsiz "Bursaspor"la danışıqlar aparıb. Bu əsas verirmi ki, Namiqlə düşmənçilik aparılsın?

Söhbət Dabodan, Geryeden yox, Namiq Ələsgərovdan gedir. Azərbaycan milli komandasının üzvü olan yerli futbolçumuzdan.

Söhbət o Namiqdən gedir ki, "Neftçi"nin 7 mövsümlük çempionluq həsrətinə o adamın qolları sayəsində son qoyulub. Məhz o çempionluğa görə bu gün əksəriyyətiniz oturduğunuz kresloda rahatsınız.

Söhbət o Namiqdən gedir ki, Çempionlar Liqasında "Dinamo" ilə oyunlarda vurduğu qollar sayəsində "Neftçi" bu gün Konfrans Liqasındadır. Gürcüstanın məhlə səviyyəli komandasına uduzmağın biabırçılığından həmin Namiq sizə qurtarıb. Qolları ilə qazanılan 2 qələbəyə, keçilən 1 mərhələyə görə ciblərinizə, büdcənizə gələn puldan danışmıram hələ.

50 min euro qiymət qoyduğunuz oğlan "Neftçi"yə qat-qat artıq pullar qazandırıb.

Bu qədər sadaladıqlarım da sizin Namiqə olan hirsinizi, kininizi soyutmadımı?

Mən də ilk başdan Namiq Ələsgərovun verdiyi qərara "isti" baxmıram. Amma bir halda ki, adam israrla getmək istəyir və gedirsə, belə çürükçülük etməyin adı nədir? Xeyir-dua verib, sağollaşmaq beləmi çətindir? Hələ utanmadan bombardirinizi 4 aylıq futboldan kənar qalmaq cəzası ilə hədələyirisiniz.

İndi hansınızı dindirsək deyəcəksiniz ki, "Neftçi" adı hər kəsdən üstündür. Sizlər "Neftçi" adı düşünən olsaydınız elə ilk öncə özünüz klubdan çıxıb gedərdiniz. "Neftçi"yə hörmətsizliyiniz bir yox, onlarla olub.

"Namiq-Namiq" oyunun buraxıb, bir neçə gün əvvəl HİK-dən alınan darmadığını analiz edin.

4 gün sonra "Makkabi" (Hayfa) ilə olacaq ağır oyuna hazırlaşın.

Mbocu əvəzləməyin, qol vurmağın, növbəti biabırçılığın olmamasının yollarını axtarın.

Hə, bax onda biz də yazarıq ki, bir dəstə "Neftçi" sevər rəhbərlik peyda olub. Yoxsa...

Xanoğlan İmanov

Xəbər Lenti