Samir Abasov Kamran Quliyevi “Neftçi”dən uzaqlaşdıra biləcəkmi?

13 Avqust 2021 15:00 Köşə 2 178
Samir Abasov Kamran Quliyevi “Neftçi”dən uzaqlaşdıra biləcəkmi?

“Neftçi” dərin bir düşüş, hər gün miqyası böyüyən gərginlik içindədir.

Bütün bunlar maydan - komandanın 7 illik fasilədən sonra ölkə çempionluğunu qazandığı tarixdən başlayıb.

O zamandan bəri klubda çox daşlar yerindən oynayıb, indi də nəzarətsiz bir hala gəlib.

Vaxtında edilməyən transferlər, futbolçular arasında təfriqə buna kimi medalın görünməyən üzünü təşkil edirdisə,

Samir Abasovun «Olimpiakos»la cavab oyunun gedişində əl atdığı əvəzetmələr, ondan sonra mətbuat konfransında söylədiyi tənqidi fikirlər gözləməyə əsas verirdi ki, bardaq dolub-daşmaq üzrədir.

Səbrin də bir həddi, hüdudu var, nisbi sakitlik həmişə belə davam etməyəcək.

HİK fiaskosu Kamran Quliyev - Samir Abasov qarşıdurmasının təzahürüdür.

Finlandiyada qeydə alıınan 0:3 hesab klub prezidenti ilə baş məşqçi arasında aylardan bəri davam edən çəkişmənin, mübahisəli durumun “bəhrəsidir”.

Bu, məntiqi yekun deyil, zəncirvari halqanın bir halqasıdır. Komanda hələ avrokuboklarla vidalaşmayıb, qarşıda Konfrans Liqasının pley-offu var.

Burada isə «Neftçi»ni Hayfa «Makkabi»si – İsrailin ən tanınmış və güclü klublarından biri gözləyir.

Hansı ki, həmin bu HİK-dən azı iki-üç dəfə güclüdür və şübhəsiz, «Neftçi» onlarla qarşılaşmalarda dünənkindən daha çox əziyyət çəkəcək, bərkə-boşa düşəcək.

Kamran Quliyev Samir Abasovu istəmir. Elə Samir Abasov da Kamran Quliyevdən xoşlanmır.

Aralarında əyani və qiyabi bir mübarizə gedir - kim kimi birinci yola salacaq deyə.

Hələlik bu mübarizədə aşkar favorit gözə dəymir. Sadəcə, Abasovun mətbuat üzərindən Quliyevə təzyiq göstərdiyi, transfer mövzusunda ona bəzən açıq, bəzən üstüörtülü mesajlar göndərdiyi görünür.

O, elə bir adamdır ki, uğursuzluğu bölüşməyə daim kimisə axtaracaq. Məsuliyyəti yalnız öz üzərinə götürməz, səssiz qalmaz, gedərsə, başının üstündəkiləri də sakit buraxmaz.

Hədəf taxtasnda yalnız özünün olması, belə görünməsi ilə barışmaz, birilərini də yanına çəkər, yanında göstərər, ayaqlayar.

Bu xasiyyəti Samir Abasovun Kamran Quliyevə açıq «müharibə» elan etməsini şərtləndirir.

«Soyuq müharibə» dönəmi dünən Helsinkidə başa çatdıı, indi oturun gözləyin, görün, baş məşqçi ayağını və əlini hara, kimə tərəf uzadacaq.

Xəzər Hikmət

Xəbər Lenti