Elxan Məmmədov bu komandanı buraxsın elitaya?

9 Avqust 2021 13:00 Köşə 1 704
Elxan Məmmədov bu komandanı buraxsın elitaya?

Deməli, hadisə vaqe olur Tovuzda.

Orada “Turan Tovuz” adlı bir futbol komandası var, sahibi də Oqtay Abdullayev.

Komandaya baş məşqçi axtarırmış Oqtay müəllim. Baş məşqçini müəyyənləşdiriblər, mətbuata da xəbər ötürüblər. Ondan sonra yadlarına düşüb ki, baş məşqçi təyin etdikləri şəxsin özü ilə də danışmaq lazımdır axı.

Lənət şeytana, mən sizə lətifə danışmıram. And olsun Allaha ki, elə belə də olub.

Ən azı, “Turan Tovuz”a baş məşqçi təyin edilmiş Rövşən Babayev Sportinfo.az-a verdiyi açıqlamada belə deyib. Deyib ki, baş məşqçi təyin olunduğumu mətbuatdan öyrəndim. Ondan sonra Oqtay müəllimdən zəng gəlib.

Biz də dava döyürük ki, AFFA “Turan-Tovuz”u niyə Premyer Liqaya buraxmır. Bu komandanı buraxsınlar elitaya? Siz Allah, ciddisiniz? Lap deyək ki, buraxdılar.

Lap “Kəpəz”i də buraxdılar elitaya. Hə, sonra nə olacaq? Sonra o olacaq ki, Premyer Liqada 10 komanda çıxış edəcək və biz də yazacağıq ki, bu komandalardan 8-i AFFA-nındır?

Siz Allah, bunu istəyirsiniz?

Yox, bunu istəmirsinizsə, onda gərəkdir ki, öncə AFFA rəhbərliyinin tam tərkibdə istefasını istəyəsiniz.

Futbolda yeni dönəm başlamalıdır. Ondan sonra hansı komandanı istəsəniz, Premyer Liqaya buraxılmasını tələb edə bilərsiniz.

Ondan sonra heç tələb etməyə hacət qalmayacaq. Bir halda ki, hər şey qaydalar əsasında tənzimlənəcəksə.

Hələ ki, bütün komandalar onlarındır – “istedadlı dələduzlar”ın, istər Premyer Liqada olsun, istər birinci divizionda, istərsə də...

Natiq Muxtarlı

Xəbər Lenti