Nəyin çatmırdı, Namiq Ələsgərov?

8 Avqust 2021 19:00 Köşə 4 192
Nəyin çatmırdı, Namiq Ələsgərov?

Namiq Ələsgərov böyük futbolda ilk addımlarını yetirməsi olduğu "Bakı"da atıb.

İlk vaxtlardan istedadsız futbolçu olmadığı görünürdü. Amma istedadlı olmaqdan çox, həmin istedadı göstərmək daha önəmlidir.

Namiqdə isə birinci vardı, amma göstərmək qismət olmurdu. "Bakı"da keçirdiyi 26 oyunda cəmi 2 qol vuran hücumçu sonradan "Qarabağ"a transfer edildi.

Qurban Qurbanovun timsalında əksəriyyət ona böyük ümidlər bəsləsə də Namiq gözləntilərin altından çıxmağı bacarmadı.

Düzdü, "Qarabağ"dan "Kəpəz"ə icarəyə getdiyi qısa müddətdə diqqətləri üzərinə cəlb edəcək performans göstərməyi bacardı, amma "Qarabağ"a qayıdışında elə həminki Namiq olaraq da qaldı.

Sonra "Neftçi" macerası start götürdü. O, məhz burada özünü tam mənada isbatlamağı bacardı. 2017-ci ildən gəldiyi "Neftçi"də heç də hər şey onun ürəyincə getmirdi. Zaman-zaman zədələr aldı, ehtiyatda qaldı. Heç komanda üçün də əsas sima sayılmırdı. "Neftçi" zəif dövrünü yaşamasa, bəlkə də komandadan göndərilərdi.

Amma arxada qalan mövsüm onun üçün möhtəşəm keçdi. Vurduğu 19 qolla Premyer Liqanı bombardir kimi başa vurdu. Həmin qollar "Neftç"nin çempionluğunda əvəzsiz rol oynadı.

Haqqlı olaraq Namiq bir andaca rəhbərliyin, azarkeşlərin, bir sözlə, bütün camiyənin sevimlisinə çevrildi.

Təlim-məşq toplanışındakı bütün yoxlama oyunlarında fərqlənən Namiq, avrokuboklarda da boş dayanmadı. "Dinamo" Tbilisi ilə hər iki oyunda fərqlənməyi bacardı. "Olimpiakos"la səfər matçında aldığı ciddi zədə onu ən azı 1 ay komandadan uzaq saldı.

Bütün "Neftçi" sevərlərin həsrətlə sağalmasını gözlədiyi futbolçudan şok xəbər gəldi.

Belə ki, məşqlərə qatılmaqdan imtina edən Namiq "Bursaspor" havasına girdiyini göstərmiş oldu. Yenə hansısa sanballı kluba keçsə, Namiqin atdığı addıma anlayış göstərmək olar. Söhbət hazırda maliyyə burulğanında olan, ikinci liqada mübarizə aparan, hazırkı məqamda heç bir perespektiv vəd etməyən "Bursaspor"dan gedir. Belədə sual yaranır - Axı sənin "Neftçi"də nəyin çatmırdı?

Xanoğlan İmanov

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!