"Neftçi" – XƏSİSLİYİN QURBANI

29 İyul 2021 11:40 Köşə 2 621
"Neftçi" – XƏSİSLİYİN QURBANI

Püşk ikinci təsnifat mərhələsində «Olimpiakos» ilə qarşılaşa biləcəyinə göz vuranda, rəqibin nüfuz ağırlığı «Neftçi»ni qəm dəryasına batırdı.

Yunan klubunun ad-sanı Samir Abasovu da, futbolçularını da haldan-hala saldı,

«Çempionlar Liqasına qayıdışımız qısa bitəcək» bədbinliyi kollektivin damarına işlədi.

Bu inamsızlııq və güvənsizlik hiss-duyğu olaraq ruha çökməklə qalmadı, meydanın içinə, dörd bir yanına dağıldı. Pireydə də, Bakıda da.

Özləri özlərinə bel bağlamadılar. «Olimpiakos»un avtoriteti qarışısında bir növ «əridilər», adın gətirdiyi psixoloji basqının altıında əzildilər. Yoxsa ki, bu rəqibi keçmək olardı, mümkün idi. Mümkün olanı reallaşdırmaq üçün sadəcə, bir qədər təpər göstərmək kifayət edərdi.

Könlü balıq istəyən balağını suda islatmalıdır. «Halva-halva» qışqırmaqla ağız dada gəlməz.

Qüsura baxmayın, mən «Neftçi»nin Çempionlar Liqasında tarix yaza bilməməsinin günahkarı qismində Samir Abasovu görmürəm. Bu yenilgidə ən az payı olan varsa, o da odur.

Baş məşqçinin biləyini gücləndirən, dilini uzun edən əlinin altındakı «material»dır.

Hələ ayyarım öncə dilə gəldi ki, bizə «yeni qan» lazımdır, gec qalmamalıyıq. Özü dedi, özü də eşitdi.

Uzun illər sonra «Neftçi»ni çempionluq taxtına qaytaran bir məşqçinin rəhbərlik tərəfindən dəstək görməməsi ikrahedici tablodur.

Burada işin içində nəsə var – biz bu «əmma»nı kənardan görürük, müşahidə edirik, ən düzünü yenə Abasov bilər/bilir. Gözləyə-gözləyə qaldı, bir də gözünü açıb gördü ki, paho, Çempionlar Liqasının nəfəsi komandasıının kürəyini isidir.

Əlini uzatdığı legionerlərin demək olar heç birini aldıra bilmədi. A bir yana, heç B və C variantlarına da yaxın düşmədi.

Transfer siyahısının son sıralarında olanları gətirdilər və dedilər, buyur. Onu da vaxtında etmədilər, bazarlığa çox gec qaldılar.

Avropann ən reytinqli, ən pullu yarışmasına hücumçusuz start verən klubun görüb-görəcəyi bura qədərdir. Şans/bəxt üzlərinə güldü, «Dinamo»nu keçdilər.

Öz aramızdır, «Neftçi» Tbilisidən olan tanışlarıyla qarşılaşmada ürəyə sərinlik gətirən futbol sərgiləmədi. «Dinamo»nun arxa xəttinin hər iki oyunda yol verdiyi kobud səhvlər «Olimpiakos»un Bakıya yolunu açdı.

Axı bu, hansı məntiqə sığır: Çempionlar Liqasında ilk mərhələni keçəcəyi halda, komandanın avrokuboklarda minimum daha 6 oyuna çıxacağını bilən rəhbərlik xəsislik edərmi?

Bir hücumçu nədir ki, onu pul verməyə əlin gəlməsin?

«Neftçi» Namiq Ələsgərovla Mirabdulla Abbasovun ümidinə qalacaq qədər imkansız klub deyil. Və bu tərəfdə də küncə sıxılmış halda görünən Samir Abasov…

Xəzər Hikmət

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!