Kaş Azərbaycanla əlaqəsi olmayan legionerlər üçün bu qapılar birdəfəlik bağlana...

25 İyul 2021 23:20 Köşə 1 163
Kaş Azərbaycanla əlaqəsi olmayan legionerlər üçün bu qapılar birdəfəlik bağlana...

Azərbaycanın pulunu yeyib, heç bir nəticə verməyən minlərlə legioner idmançı olub.

Onlara görə neçə-neçə yeni Nazim Hüseynovun, Namiq Abdullayevin, Zemfira Meftahəddinovanın, Fərid Mansurovun, Elnur Məmmədlinin, Toğrul Əsgərovun qarşısı süni maneələrlə kəsilib, istedadları məhv olub.

Nəticədə hər Olimpiya Oyunlarında Azərbaycana heç bir aiddiyyatı, mənəvi bağlılığı olmayan saysız-hesabsız legioner ölkəmizi təmsil edir.

Tokiodakı legionerlərimizdən biri də iranlı Məryəm Şeyxəlizadəngah idi. Məryəm batterflay üsulu ilə 100 metr məsafəyə üzməkdə 1 dəqiqə 37 saniyə nəticə ilə 30-cu yerə çıxıb və Olimpiya Oyunları ilə vidalaşıb.

Digər legionerlərimiz də Məryəmdən yaxşı nəticə göstərmir. Sadəcə, bu qızın rəhmətlik AFFA-nın keçmiş prezidenti Fuad Musayev demişkən, "nesportivnıy" soyadı diqqətimi çəkdi.

Fuad müəllim, o vaxt hansısa milli komandamıza dəvət alan "Soğan" ləqəbli futbolçu Elçin Dərgahquliyevin soyadını siyahıda görər-göyməz, işçiləri danlayıb ki "Çto za nefutbolnaya familiya?")

Şeyxəlizadəngahın nəticəsini gördüm, üzgüçülüklə bağlı başqa bir gülməli əhvalat da yadıma düşdü.

Təxminən 20 il əvvəl "Olaylar"da işləyən bir idman jurnalisti görüb ki, xəbər qıtlığıdır. Fantaziyasını işə salıb yazıb ki, Minskdə üzgüçülük üzrə beynəlxalq turnir keçirilib və bizim idmançılar həmişəki kimi 30-cu-40-cı yerlərdə qərarlaşıb.

Ən maraqlısı isə həmin "idmançılar”ın kimliyi imiş. "İlkin Xəlilov, Elnur Məmmədli, Anar Şabanoğlu və s)

Bu xəbəri oxuyan həmkarlarımız xeyli güldükdən sonra ənənəvi olaraq məlumat almaq üçün GİN-in ozamankı müavinlərindən birinə zəng vurublar ki, bugünə idmançılarımızdan nə xəbər var?

Müəllim qayıdıb ki, elə bir xəbər yoxdur, sadəcə, Minskdə üzgüçülərimiz Anar Şabanoğlu, İlkin Xəlilov, Elnur Məmmədli və s. iştirak ediblər.

Müəllimə zəng vuran Ilkin Xalilov öz adını eşidəndə, gülməkdən özünü birtəhər saxlayaraq, keçmiş nazir müavini ilə sağollaşıb.

Komediya kimi idmanımız var.

Allahın köməyilə Tokioda gülüş obyekti kimi yadda qalmarıq və xüsusən yerli idmançılarımız qızıl medallarla xalqımızı sevindirər.

Sonda onu da qeyd edim ki, Məryəm azərbaycanca təmiz danışır. Güman ki, güney azərbaycanlıdır.

Mənə görə, güneyli qardaş-bacılarımızın üzünə millilərimizin qapıları hər zaman açıq olmalıdır.

Amma Azərbaycanla heç bir əlaqəsi olmayan legionerlər üçün kaş bu qapılar birdəfəlik bağlana...

Anar Şabanoğlu

Xəbər Lenti