COP29

Bəxt yaxşı şeydir, düz demirəmmi, Abasov?

8 İyul 2021 16:00 Köşə 1 490
Bəxt yaxşı şeydir, düz demirəmmi, Abasov?

«Neftçi»nin Tbilisidən qələbə ilə dönməsi möcüzə, ona bərabər sayılmırdı və sayılmamalıdır.

Aydın idi ki, hər şey APL birincisinin öz əlindədir.

Bu «Dinamo» sovet dönəminin «Dinamo»sunun kiçik kölgəsidir. Bu «Dinamo» postsovet məkanının sıradan klublarından biridir.

«Dinamo»nu «Neftçi»ni gözündə böyüdən Kaxaber Sxadadze oldu. Məşqçilik karyerasının az qala yarısını Azərbaycanda keçirmiş Kaxanın «Neftçi»ni yaxşı tanıması problem yarada bilərdi və yaratdı da.

Gürcülər hər iki hissədə «Neftçi»dən hərəkətli və istəkli idi. Təhlükəli vəziyyətlər sayından da bunu görmək olar. Ən çox da ilk hissədə.

«Neftçi»nin dünənki qələbəsi sanki «Qarabağ»la bu ilin əvvəlində keçirdiyi ilk oyunun oxşarı idi. Onda da oynayan tərəf «Qarabağ», qazanan «Neftçi» olmuşdu. Bir gəlib, iki vurmuşdular.

Tbilisidə də eyni mənzərə canlandı. Gürcü müdafiəçi adi epizodda diqqətsizlik etməsəydi, nə Emin Mahmudov topu ələ keçirəcəkdi, nə də israilli hakim bir penalti vuruşunu iki dəfə təkrarladacaqdı.

«Neftçi» daha nə etdi ki..? Zatən, bu istək onlarda yox idi.

Sadəcə, Allahın göndərdiyi «hədiyyə»dən ruhlandılar, sonra da qələbə hesabını qorumağa çalışdılar. Gördükləri iş bu oldu ancaq.

UEFA-nın səfər qolu qaydasını dəyişməsi daha 1, yaxud 2 dəfə fərqlənmək həvəsini lap öldürdüyü hiss olunurdu «Neftçi»nin futbolçularında.

Açığı, bu həvəs, bu güc da nəzərə çarpmadı onlarda. Sloveniyada keçirilən təlim-məşq toplanışının yorğunluğu hələ canlarından tam çıxmayıb – gərək, bunu da qeyd edək.

Hə, bir də Samir Abasovun bəxt sarıdan bəxtəvər olmasını. Şansı gətirən məşqçilərdən söz düşəndə, həmişə rəhmətlik Böyükağa Hacıyevi misal çəkərdim.

Bundan sonra birinci yerə Samir Abasovu qoyacam. Onda olan bəxt hansı məşqçidə olsa, Çempionlar Liqasını qazanar.

Gürcülərin fərqlənə bilmədiyi epizodların bir qismini Aqil Məmmədovun aktivinə yazmaq olar, o, doğrudan da, dünən karyerasının ən yaxşı gecəsini yaşadı.

Oyunun içində elə bölümlər oldu ki, rəqibə qarşı tək mübarizə apardı, komandasını bir neçə qoldan xilas elədi.

«Neftçi» əks-hücum üzərində qurulan oyunla Bakıya qələbə gətirmədi. Abasovun bəxti, Sxadadenin şansızlığı ilk matçın yekun nəticəsini müəyyənləşdirdi.

“Neftçi” Tbilisi “döyüş”ünü uddu, “müharibə”nin qalibi Bakıda elan olunacaq. Qonşu ölkə paytaxtında sərgilənən oyun yalnız nəticə baxımından sevindiricidir.

Oyunun keyfiyyətindən, hansısa taktiki gediş və müsbət yeniliklərdən söz açmaq mümkün deyil, gülməli səslənər.

Xəzər Hikmət

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq