“Qarabağ”ın və Şeydayevin çarəsizliyi

2 İyul 2021 15:00 Köşə 2 259
“Qarabağ”ın və Şeydayevin çarəsizliyi

Ramil Şeydayev “Sabah”dan ayrılıb, “Qarabağ”la müqavilə bağlayıb.

Daha doğrusu, yenidən “Qarabağ”a qayıdıb.

Lap daha doğrusu, Şeydayev çarəsizlikdən “Qarabağ”a dönüb.

“Sabah”da oynamaqdansa, yarımhəvəskar “Qarabağ”da çıxış etməyə üstünlük verib.

Nöşün ki, Şeydayevin peşəkar komandada oynamaq şansı yoxdur. O, bu şansı elə “Qarabağ”da itirib. İlk gəlişində. Onda hamı inanırdı, ümid edirdi Şeydayevə, “böyük potensialı var” deyirdilər.

Şeydayev o böyük potensialını da, ona inananların ümidini də “Qarabağ”da oynayanda dəfn etmişdi. Ondan sonra da “Sabah”a üz tutmağa məcbur qalmışdı.

Bəs “Qarabağ” hər şeyini öldürdüyü Şeydayevi niyə yenidən heyətə qaytarır? O da əlacsızlıqdan. Ardıcıl 7 ildir ki, avrokubokların qrup mərhələsində çıxış edən komanda hələ də yarımhəvəskardır.

Hələ də, hər avrokubok mövsümü başlayandan hücumçu, yarımmüdafiəçi, müdafiəçi axtarır “Qarabağ”.

Elə indi də axtarırlar.

Avrokubokların startına bir-neçə həftə qalsa da, futbolçu tapa bilmirlər. Əlacsız qalıb Şeydayevi qaytarırlar.

Bir dəfə öldürdükləri Şeydayevi.

Bu dəfə dirildəcəklər? Heç ağlım kəsmir.

Hələ “Qarabağ”da dirilən, böyüyən, inkişaf edən yerli futbolçuya rast gəlməmişəm. Nə bilim, bəlkə də yanılıram, bəlkə də Şeyx Nəsrullah - “Qarabağ” yolunu tapıb ölü diriltməyin.

Bu dəfə dirildəcək öldürdüyü futbolçunu. Başla duaya, ya Şeyx!

Natiq Muxtarlı

Xəbər Lenti