Çempionlar Liqasının himni bir neçə gündən sonra Azərbaycanın daxili futbol havasını yeniləyəcək.
Vaxt az qalıb və belə bir məqamda bütün nəzərlərin «Neftçi»yə çevrilməsi tam təbiidir.
Bakılılar 7-8 illik aradan sonra qitənin ən mötəbər klub yarışmasına dönüb və ondan gözləntilər var. Bir az az, bir az çox – baxır kimin üçün və nə qədər.
Bu yolda ilk rəqib qonşumuzdur. «Neftçi»nin Tbilisi «Dinamo»su ilə hələ sovet dönəmindən başlayan rəqabətinə yeni çalar qatacaq I təsnifat duelində nələrin ola biləcəyini təxmin etmək çətin deyil.
Klub rəhbərliyi çox iddialıdır. Zaur Qəhrəmanovdan ta Kamran Quliyevə kimi – klub rəhbərliyində təmsil olunan hər kəs «uzaq sahillər»dən danışır, böyük hədəflər arxasınca yola çıxdıqlarını deyir.
Hər şeyi meydan və meydandakılar göstərəcək. Rəsmilərin sözünün arxasındakı ciddiyəti əyninə forima geyinəcək meydangirlər bəlirləyəcək.
Və son günlərin gəlişmələrindən anlamaq mümkündür ki, «Neftçi» tərəfdarı klub yönəticələri qədər optimist yanaşmır yaxın gələcəyə.
Onlar narahat və narazıdır. Sosial şəbəkəyə əlüstü göz gəzdirmək yetər ki, bunu görəsən, hiss edəsən. Narahatlıq və narazılığın kökündə yeni transferlərin gecikməsi dayanır.
Yay gələndən gedənlərin sayı gələnlərdən çoxdur, Ahmed Ahmedov (MOİK, Bolqarıstan: icarə müddəti başa çatıb), Anton Krivotsyuk ("Visla" Plosk, Polşa), Rəhman Hacıyev, Turan Vəlizadə (hər ikisi "Keşlə": icarəyə), Səlahət Ağayev ("Sabah"), Rener Alves, Keysuke Honda, Bruno Teluşi aə Stiven Jozef-Monroz düşərgəni tərk edib.
Bura ayaq basan 2 yeni legionerdən biri Sezar Meza Kollidirsə ("Keşlə"), digəri Harramiz Quita Ferreyra Soaresdir ("Eştoril", Portuqaliya). Daha bir yeni transfer isə yerlidir – Xəyal Nəcəfov.
Onu da ki, komandaya güc qatacaq biri olaraq təqdim etmək düzgün deyil. Samir Abasov «Sumqayıt»dan tanıdığı yarımmüdafiəçini ehtiyat skamyada yanında əyləşdirmək üçün gətirib.
Təbii ki, «Neftçi» fanatlarının istəyi və istədiyi bu ola bilməz. Tərəfdar səs gətirən əcnəbi futbolçuların alınmasını səbirsizliklə gözləyir.
Honda və bu qəbildən olan reklam tipli transferlərdən söhbət gedir. Onlar dünəndə – Premyer Liqada qalıb.
Çempionlar Liqasının bir turu yüz Premyer Liqa oyununa dəyər, buranın səviyyəsi, rəqabəti də başqadır, güclüdür. ÇL-də nəticə əldə etmək üçün mövcud heyət yetərsizdir.
Amma görünür ki, «Neftçi»də bunu başa düşən azdır. Ələlxüsus, rəhbərlikdən. Samir Abasovun əlini zəiflətmək klub idarəçilərinin nəyinə lazımdır, biz hələ bunu bilmirik.
Bir-iki həftə əvvələ kimi verilən iddialı açıqlamalar nə idi, ondan sonra müşahidə etməklərimiz nədir – tam bir müəmmadır.
Könlü balıq istəyən mütləq balağını suda islatmalıdır. Hamımız istərdik ki, «Neftçi» avrokuboklarda mümkün qədər irəli getsin, heç olmasa, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazansın.
Bunun üçün normal pul xərclənməli, heyət gücləndirməlidir. Xəyal kimi sıradan bir futbolçuya görə 270 min manat sərf etmək hələ o demək deyil ki, klub yönətimi Samir Abasovun hər dediyini edir.
Baş məşqçi qapıçı, mərkəz və cinah müdafiəçisi, hücumçu alınmasını istəyir. Xəyal üçün bu qədər pul tapılır, sanballı legionerlərə yox?
Nədir, Kamran Quliyevin Samir Abasovun «Neftçi»də böyük hörmət qazanmasına paxıllığı tutub yenə?
«Neftçi» varlı klubdur. Kaş hər klubun onlar qədər sponsor və dəstəkçisi olsun. Başqa vaxt oturub-durub deyirlər ki, «Nefiçi» flaqmandır, elədir, belədir, bəs hanı əməl?
Sabah bir uğursuzluq olsa, Abasovu azarkeşlə üz-üzə gəlmək məcburiyyətində qalacaq. Abasovu tanıyırıq da, tez özündən çıxandır, emosionaldır.
Onları qarşıdurmayamı sövq edirlər. Niyə, nə üçün? «Neftçi»nin 7 ildən sonra gələn ölkə çempionluğunun yalnız Abasovun aktivinə yazılmasına görəmi?
Yəqin ki.
Xəzər Hikmət