Nə varsa, VAR-da var – haqq-ədalət qoruqçusu

28 İyun 2021 17:20 Köşə 1 569
Nə varsa, VAR-da var – haqq-ədalət qoruqçusu

Belə anlaşılır ki, VAR ((Video Assistant Referee) ) sistemi sayəsində futbolda hakim səhvləri erası arxada qalır.

Mükəmməl sistemdir.

Oyun ərzində 2-3, bəzən 4-5 dəqiqə vaxt gedir, onu da oyunun axırında əlavə edilmiş dəqiqələrlə kompensasiya edirlər, əvəzində heç olmasa, futbolda haqq-ədalət qalib gəlir.

Məsələn, hazırda baxdığımız Avro-2020 yarışmasında sırf VAR-a görə hər oyunda nə qədər haqsızlığın qarşısı alınır. Bir komanda ofsayddan qol vurur, baş hakim sayır, VAR-dan qulağına pıçıldayırlar ki, qol yoxdur, adam qərarını ləğv edir.

Srağagün Danimarkanın Uelsin qapısına vurduğu qolu ofsayd sayaraq hesaba almamışdılar, amma VAR-da oturanlar santimetrinə qədər ölçüb-biçdilər və dedilər ki, təmiz qoldur. Qaret Beyl mıqq eləyə bilmədi.

2.jpg (194 KB)

VAR olmasa, tərifli və iddialı İtaliya millisi ələnib gedəcəkdi, çünki Avstriya yığmasının oyunçusu Arnavutoviç onun qapısına bir qol vurmuşdu, arada yenə santimetr söhbəti vardı. Dünən Hollandiya millisi də VAR-ın güdazına getdi, yoxsa hakim hollandların əllə oynayan müdafiəçisinə sarı kart vermişdi, məsələ bitmişdi, VAR-dan isə dedilər, kart qırmızı olmalıdır.

Başqa şeylər də var. Artıq rəqibin cərimə meydançasında özünə badalaq verib yıxılanlar, simulyantlıq edib penalti almaq istəyənlər xeyli azalıb. Bilirlər ki, VAR epizoda təkrar baxacaq, nəticədə onlar əsassız vəsatət qaldırdıqları üçün cərimələnən vəkillərimizin gününə düşəcək, cərimələnəcəklər.

3.jpg (35 KB)

VAR varsa, daha heç kəs Maradonalıq eləyib əliylə qol vura bilməz. Zatən ayağıyla Maradonalıq edə bilənlər çox azdır. Təsəvvür edin, 1986-ci ildə VAR mövcud olsaydı, Argentina dünya çempionu ola bilməyəcəkdi. Hərçənd 1990-da Argentinanın çempionluğu hakim səhvi üzündən baş tutmadı, VAR olsaydı, ola bilərdi.

Həmin il Belçikanın SSRİ-nin qapısına ofsayddan vurduğu iki qol VAR sayəsində hesaba alınmasaydı, SSRİ yığması yarımfinala qədər gedəcəkdi.

5.JPG (47 KB)

Yaxud 2002-ci il mundialında iki dəfə Braziliya ilə başabaş futbol oynayan Türkiyə millisi Cənubi Koreyalı hakim Kim Yun Çjunun, sözün məcazi mənasında eşşəkliyi üzündən uduzmasaydı, fərqli nəticələr ola bilərdi. Amma cənab Çju ya futbolu o qədər bilirdi, ya da qəsdən elədi, Türkiyənin müdafiəçisinə əsassız qırmızı kart verdi (dizinə dəyən topa görə üzünü tutub yerdə qıvrılan Rivaldoya görə), cərimə meydançasından kənarda olan qayda pozuntusuna görə penalti təyin etdi, nəticədə Braziliya qələbə qazandı. VAR olsa, elə olmazdı.

7.jpg (13 KB)

Hətta 2002-ci il mundialında VAR olsaydı, mundiala ev sahibliyi edən Cənubi Koreyanın milli komandası yarımfinala qədər gəlib çıxmazdı. Bunu o vaxt FİFA prezidenti Zepp Blatter də demişdi ki, Cənubi Koreyanın İtaliya və İspaniya kimi favorit komandaları yarışmadan kənarlaşdırması şübhəlidir. Əslində isə nə şübhə, nə filan, həmin oyunlarda Cənubi Koreyanın xeyrinə, türkün sözü, şikəyə yol verilmişdi (bu iddia həmin mundiala aid vikipediya məlumatında da var). Nə ondan əvvəl, nə də sonra Cənubi Koreya millisi İtaliyanın 3-cü divizionunun autsayder komadası səviyyəsində oyun göstərə bilmir.

Yeri gəlmişkən, beynəlxalq futbol yarışmaları tarixində qapısından ən sürətli qol (11-ci saniyədə) buraxan komanda Cənubi Koreya millisidir. Həmin qolu adının çəkilməsi məsləhət olmayan türk forvard vurmuşdu. Bilənlər bilir, bilməyənlər də indən belə bilib nə edəcəklər...

6.jpg (30 KB)

Bir fikir də var, bilmirəm onu yazsam, İngiltərənin və Azərbaycanın futbolsevərləri müəllifi daş-qalaq etsələr də, gərək yazım. İddiadır, gümandır, başqa bir şey deyil. Hərdən adama elə gəlir ki, 1966-cı ildə VAR olsaydı, İngiltərə yığmasının, bakılı Tofiq Bəhramovun sayəsində hesaba alınan qoluna təkrar-təkrar baxılardı və ola bilər, belə qərar verilərdi ki, top qapı xəttini keçməyib. O zaman bəlkə də İngiltərə futbol tarixində ilk və sonuncu dəfə dünya çempionu olmazdı, əvəzində sovet xalqına, o cümlədən Bəhramovun əzizlərinə güllə atmış almanların züryətlərinin formalaşdırdığı milli komanda çempion olardı.

8.jpg (49 KB)

Hər halda, VAR çox yaxşı şeydir, nə varsa, VAR-da var, cığallıqların, ədalətsizliklərin qarşısını alır. Bəlkə də məhz buna görə VAR çıxardanın var-yoxuna söyənlər də var. Hamı “ədalətli oyun” həvəskarı deyil axı. Bunun Platini kimi futboldankənar oyunlar oynayıb milyonlar qazananı var, fırıldaq işlədərək çempion olanları var.

Ona görə də VAR-ın müdaxiləsi nəticəsində yerini alan haqq-ədalətə baxanda adamın ürəyi açılır. Fikirləşirsən ki, keşkə o biri matçlarda, lap elə siyasi oyunlarda, nə bilim, həlledici məhkəmələrdə də VAR sistemi tətbiq ediləydi və cığallıq edənlər həmişə uduzaydılar. Görünür, elə buna görə bir çox proseslərdə nadürüst adamlar "çəkilişə icazə yoxdur", "xahiş edirəm, çəkiliş olmasın" deyirlər.

Samir SARI

Xəbər Lenti