Bu rayonların Premyer Liqada nə işi var?

28 İyun 2021 13:00 Köşə 2 569
Bu rayonların Premyer Liqada nə işi var?

FİFA və UEFA-nın əsas hədəfi odur ki, futbolun bütün dünyada populyarlığı artısın.

Ona görə də zaman-zaman dünya və Avropa çempionatının final mərhələsinin iştirakçılarının sayı artırılır.

Bu da bir sıra nəhəng futbol ölkələrini qane etmir. Nəhənglərin xarakteri həmişə belə olub: hər şey mənim olsun.

Avropa çempionatı başlayandan müşahidə edirəm: bizim azarkeşlər (çoxu da jurnalistlər) UEFA-nı tənqid edirlər.

Deyirlər ki, Avropa çempionatında komanda sayını azaltmaq lazımdır. Yəni bu azarkeşlər Finlandiya, Ukrayna, Çexiya, Avstriya, Uels kimi komandaları görmək istəmirlər Avropa çempionatında. Eynən bizim AFFA kimi.

AFFA-nın strategiyası FİFA və UEFA-nın ideyalarını qəbul etmir: Azərbaycan çempionatı Bakı klublarından ibarət olmalıdır. Yəni Zaqatalanın, Tovuzun, Masallının, Şirvanın, Qazaxın, Mingəçevirin, Lənkəranın, Qusarın nə işi var çempionatda?

"Mal sahibinə bənzəyər" deyiblər axı. Bax, azarkeşlərimiz də eynən AFFA-dır ki, elə bil fırt edib burnundan düşüblər.

Bizimki azarkeşlik deyil, futbolun populyarlığı, daha fərqli komandaları izləmək istəyi vecimizə də deyil. Bizim üçün ədalət şəxsi marağımız başlayan yerdə bitir.

O da maraqlıdır ki, FİFA və UEFA-nı komanda sayını artırmaqda ittiham edənlərin də əksəriyyəti AFFA-nı da tənqid edirlər. Azərbaycan çempionatında komanda sayını azaltdığına görə. Sözü ilə əməli üst-üstə düşməyən azərbaycanlı azarkeş. Unikal azarkeş, analoqu olmayan azarkeş.

İndi də haray-həşir salıblar ki, bəxtimiz yoxdur. Yoxdur ki, Bakıya Fransa və Almaniya yox, Danimarka və Çexiya gəlir.

Fransa-Almaniya oyununu izləmişik bu çempionatda. Ekran qarşısında yuxu basmışdı bu nəhəngsevərləri. Avropa çempionatından Danimarkanın, Çexiyanın oyunları zamanı zövq alıblar bu unikallar.

Qədeşlər, bir balaca məntiqiniz olsa, onda sizə əyan olar ki, Avropa çempionatına Niderland yox, Çexiya lazımdır.

Çexiya müasir futbolun, komanda oyununun, nizam-intizamın necə olduğunu başa saldı Niderlanda. Həm də bütün Avropaya göstərdi ki, meydanda adlar heç bir önəm kəsb etmir.

Amma bizim analoqsuz azarkeşlərimizə əyan olmur bu həqiqət. Ay AFFA-ya bənzəyənlər, barı bundan sonra o qurumu tənqid etməyin.

Axı xətrinə dəyir ordakıların. Deyirlər ki, bizdən olub bizi bəyənməyənlərin iradı yandırır adamı. Yazıqdır axı onlar.

Natiq Muxtarlı

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi