Türkiyə yığmasını kimlər “satıb”?

21 İyun 2021 15:00 Köşə 2 924
Türkiyə yığmasını kimlər “satıb”?

Ağırdır. Dünya mətbuatının “Avropa çempionatının ən böyük biabırçılığı – Türkiyə yığması” yazması, həqiqətən də ağırdır.

Bu biabırçılığın ağırlığını türkiyəli azarkeşlərlə yanaşı, azərbaycanlı fanatlar da çəkirlər.

Axı Türkiyə yığması qrup mərhələsində iki oyunu Bakıda keçirdi. Hamı qələbəyə köklənmişdi, amma “satılma” baş verdi. “Kimlər və hansı səbəbdən Türkiyəni “satdılar”?” sualının cavabı birdir – mentalitet.

Çempionatın ən gənc komandası idi Türkiyə. Gənclərin mentalitetdən doğan çatışmazlığı yığmanı rəzil etdi.

Demək olar ki, Türkiyə yığmasının hər bir üzvü əla mövsüm keçirmişdilər. Və buna görə də, xeyli tərif almışdılar. Amma bu tərif onların peşəkarlığına ciddi zərbə vurdu.

Peşəkarlığı məsuliyyətsizlik əvəzə etdi. Əslində bu gənc komandadan nəticə gözləmək yersiz idi.

Türkiyə yığması daha da inkişaf edib növbəti Avropa çempionatında komanda kimi tam formalaşmalı idi. Amma bu o demək deyildi ki, sən bütün oyunlarda müqavimətsiz təslim olasan.

Türkiyə yığmasının üzvləri Avropa çempionatına yox, istirahətə gəlmişdilər. Onlar Avropa çempionatının ranqını təsəvvür belə etmirdilər.

Qaçmırdılar, mübarizə aparmırdılar.

Lənət şeytana, axı heç bir oyunda yığmanın futbolçularından kiminsə alnından tər axdığını da görmədik axı.

Heç yoldaşlıq oyunlarında da belə məsuliyyətsizlik olmurdu. Tərif düşmən imiş. Xüsusən də gənclərin düşməni. Tərif həm də Türkiyə yığmasının üzvlərinin düşmənidir.

Aşağı-yuxarı, demək olar ki, eyni mentalitetə sahibik onlarla. Bizdə də elədir, hər hansı gənc futbolçumuz azca tərif eşidən kimi, tüpürür peşəkarlığa “sabun köpüyü” kimi şişməyi seçir.

Seçir və birdən də partlayır, bəlli olur ki, gələcəyin istedadı “ölüb” artıq.

Türkiyə yığmasında lider yox idi. DÇ-2002, Avro-2008-də çıxış edən Türkiyə yığmasında isə bir yox, bir neçə lider vardı.

20020-ci ildə, Hakan Şükür də, Hasan Şaş da, Yıldıray Baştürk də lider idi. 2008-ci ildə gənc Arda da, təcrübəli Nihat da, hətta ehtiyatda qalan Semih də lider idi.

Bəs indi kim idi lider? Yox idi.

Heç kim lider olmaq istəmirdi, ya da bacarmırdı bunu. Fransa çempionu olan “trio”ya aydın olmamışdı ki, uğuru komanda ruhu qazandırır.

Elə başa düşmüşdülər ki, komanda ruhuna ehtiyac yoxdur, bunlar elə gəzişə-gəzişə Avropa çempionu da ola bilərlər. Bundan sonra başa düşərlər, yəqin ki.

Amma Burak üçün bu başadüşmənin heç bir əhəmiyyəti olmayacaq.

Türkiyə yığmasının “satılma” səbəbi mentalitet idi. Burda hamı günahkardır. Çempionata qədər bu futbolçuları sərhədsiz şəkildə tərifləyənlər, onlarda nöqsan görməyənlər, bir sözlə, qoltuqlarına “qarpız” verənlər – mətbuat, azarkeşlər.

Bu təriflərdən bihuş olub peşəkarlığa arxa çevirənlər – məşqçilər korpusu və futbolçular. İndi necədir görəsən, hamı ağıllanıb? Ağıllanmasalar, belə biabırçılıqlar yenə də olacaq.

Türkiyə yığmasının üzvləri Avropa çempionatına yox, istirahətə gəlmişdilər. Ümid edək ki, Bakıda futbol oynamasalar da, yaxşı istirahət edə bildilər.

Natiq Muxtarlı

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?